ƏLİ HƏSƏNOVA GÖRƏ dİffamasİyaNIN DEKRİMİNALLAŞDIRILMASI JURNALİSTLƏRİ MƏSULİYYƏTDƏN AZAD ETMİR

        Mayın 11-də  Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi Prezident Administrasiyası, parlament, Kütləvi İnformasiya Vasitələri və media ekspertlərinin iştirakı ilə Azərbaycanda diffamasiya problemi  müzakirə edilib.

    “Qanunvericiliyin islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması” mövzusunda təşkil olunmuş konfransda ATƏT-in KİV məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç də iştirak edib.

Yeri gəlmişkən qeyd edək ki, Miyatoviç  prezident İlham Əliyevlə və digər rəsmi şəxslərlə jurnalistlərə qarşı cinayət təqibi problemini müzakirə etmək üçün Bakıya gəlib.

          Tədbirdə   Miyatoviç bildirib ki, jurnalistlərin rəsmi şəxsləri tənqid etmək imkanları olmalı və bunu peşəkarlıqla etməlidirlər, ictimai xadimlər isə tənqidə  daha da tolerant yanaşmalıdırlar.

             Tədbirdə iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov isə tədbirdə bildirib ki, diffamasiyanın dekriminallaşdırılması heç də jurnalistləri məsuliyyətdən azad etmir. Amma o bu məsuliyyətin nədən ibarət olduğunu aydınlaşdırmayıb.

            ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel isə tədbirdə bildirib  ki, Mətbuat Şurası ilə birgə hazırlanmış “Diffamasiya haqqında” qanun demokratik cəmiyyətin – söz azadlığının təməl daşının davamlılığını təmin etməyə yardım göstərəcək.

            İREX-in  hüquqşünası Ələsgər Məmmədli isə bildirib ki, qanun layihəsi Avropa İnsan Hüquqları Konvensiyasına, Avropa məhkəməsi hüquq sahəsinə uyğun hazırlanıb, jurnalistləri cinayət təqiblərindən  müdafiə etməyə  qadirdir və jurnalistlərin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə həbsinin ləğvini nəzərdə tutur. Lakin o qeyd edib ki, dekriminallaşdırılma haqqında qanunun qəbulu söz azadlığı sahəsində tam zəmanət vermir. “Digər konstitusion və qanunverici məhdudiyyətlər qalır ki, bunlardan da gələcəkdə jurnalistlərə qarşı cinayət təqibləri məqsədilə istifadə oluna bilər”, – deyə Məmmədli vurğulayıb.

            “Diffamasiya haqqında” qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

 

Previous Post

SATİRİK YAZAR ƏMƏK HÜQUQUNUN POZULDUĞUNU İDDİA EDİR

Next Post

BƏXTİYAR HACIYEVİN HÖKMÜNÜN ELAN EDİLMƏSİ QEYRİ MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.