ANAR MƏMMƏDOVUN QƏZETLƏRƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ QALMAQALLA START GÖTÜRDÜ

          Dekabrın 1-də Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Azadlıq” və  “Yeni Müsavat” qəzetlərinə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

  Hazırlıq iclasında iştirak etmək istəyən jurnalist və digər  şəxslərə prosesdə iştirak etməyə icazə verilmədi. İddiaçı tərəfin nümayəndələri   Nazim Allahverdiyev, Ruslan Məmmədov və  Nihat Axundov buna etiraz etməsə də, cavabdeh tərəfin  nümayəndələri Elçin Sadıqov, Fariz Namazlı və  Vaqif Hüseyn  bu hala etiraz etdilər. Hakim Elçin Qurbanov bildirdi ki,  jurnalistlər və digər müşahidəçilərin məhkəmə prosesində iştirakına şərait yoxdur və bu səbəbdən  prosesdə yalnız iddiaçı və  cavabdeh tərəfin nümayəndələri iştirak etməlidir.

            Cavabdeh tərəfin nümayəndələri yaranmış vəziyyəti Yasamal rayon Məhkəməsinin sədri ilə  aydınlaşdırmaq üçün prosesi tərk ediblər. Daha sonra hakim başqa bir məhkəmə zalına keçərək prosesi açıq elan etdi və cavabdehin tərəfin nümayəndələrinin prosesə gəlmədiyini əsas gətirərək məhkəmənin hazırlıq iclasını 10 dekabr saat 11:30-a təyin etdi.

            Qeyd edək ki, prosesdən əvvəl və sonra məhkəmənin qarşısında “Dalğa” Gənclər təşkilatı, “Yeni Müsavat” və  “Azadlıq” qəzetinin əməkdaşları  “Ayı kababı üçün 1 milyon – təqaüd üçün 100 manat!”, “Ayını yeyib hesabını qəzetlərə ödətməyin!”, “Ziya Məmmədov Mətbuatla Düşmənçiliyə son qoy!”, “Mətbautdan və ayılardan əl çəkin!” şüarları ilə piket keçirdilər.

             Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edir.

            Qeyd edək ki, “Kəmaləddin Heydərovun ayısını yedilər” məqalələrdə iş adamı Anar Məmmədovun  Qəbələ rayonunda yerləşən istirahət mərkəzlərinin birində saxlanılan ayını bir milyon manat qarşılığında kəsdirərək yeməsindən söz açılır, digər məqalədə isə Anar Məmmədovun dostları ilə Dubaydan ictimai qaydaları pozmasına görə qovulduğu bildirilir.

            Hər iki qəzet 1989-cu ildən fəaliyyət göstərir və gündəlik nəşr olunurlar.

Fotolar: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,676/lang,az/

 

Previous Post

ATƏT-İN MEDİA AZADLIĞI NÜMAYƏNDƏSİ PREZİDENT İLHAM ƏLİYEVLƏ EYNULLA FƏTULLAYEV BARƏDƏ DANIŞIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.