“Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla İlqar (Mustafayeva) barəsində doğulduğu Qazax rayonunda qeyri-rəsmi araşdırma aparılır. Bu barədə bu gün (9 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) L. İlqarın özü məlumat verib.
Leyla İlqarın sözlərinə görə, onun yaşadığı mənzil, kiminlə qalması barədə qeyri-rəsmi məlumatlar toplanılır:
“Dünən Qazaxda yaşayan qohumlarım zəng edərək, mənə bildirdilər ki, haqqımda rayonda araşdırmalar aparılır. Düşünürəm ki, bu araşdırma MTN-nin əməkdaşları tərəfindən edilir. Konkret olaraq şübhələndiyim Qazax rayonunun icra hakimiyyəti başçısıdır. Çünki, qəzetimizdə son vaxtlar vaxtaşırı icra başçısı Rauf Hüseynov barəsində məqalələr dərc etmişəm” – deyə Leyla İlqar bildirdi.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik nəşr olunur.