“SƏNƏT QƏZETİ”NİN BAŞ REDAKTORU POLİSƏ ÇAĞIRILIB

Dünən (29 iyul) “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) Lənkəran rayon Polis İdarəsinə çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun özü məlumat verib.

Onun sözlərinə görə, dünən Lənkəran Şəhər Polis Şöbəsinin tədqiqat bölməsinin rəisi Səadət Qəmbərov ona zəng edərək, həmin gün idarəyə onun haqqında şikayət daxil olduğunu bildirib: “Uzun müddətdir ki, Lənkəranda olmadığımdan şikayətin hansı əsasla və kim tərəfindən edildiyini başa düşə bilmirəm. Bundan başqa, şikayət edənin kimliyi barədə də  mənə heç bir məlumat verilmədi. Ona görə də bu, mənə əvvəlcədən düşünülmüş bir iş kimi göründü və polis idarəsindən mənə yazılı şəkildə  rəsmi sorğu göndərilməsini xahiş etdim.”
Məsələ ilə əlaqədar Lənkəran  Şəhər Polis Şöbəsinin tədqiqat bölməsinin rəisi Səadət Qəmbərov RATİ-yə bildirdi ki, S.Sədaqətoğlu barəsində onun qohumu Quliyeva Qızdar Eynulla qızı tərəfindən şikayət ərizəsi daxil olub. “Şikayətçi ərizəsində bildirib ki, Samir onları tez-tez narahat edir. Həmçinin şikayətçi ərizədə Samirin əvvəllər həbs olunması və s. məsələlərə də toxunub” – deyən bölmə rəisi vurğuladı ki, Samir Sədaqətoğlu bu şikayətə əsasən izahat verməsi üçün şöbəyə dəvət edilib.
S.Sədaqətoğlu RATİ-yə bildirib ki, adıçəkilən qadın onun qohumu deyil. “Onun atası Məşədi Eynulla ilə əvvəllər aramızda ədavət olub və dəfələrlə bu adam barəsində polisə müraciət etmişəm” – deyən S.Sədaqətoğlu bu işi qurama hesab etdiyini də dilə gətirdi.
Xatırladaq ki,  2007-ci ilin may ayında Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham edilərək “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu dörd il, bu nəşrin yazarı Rafiq Tağı isə üç il həbs cəzası almış, 2007-ci il dekabrın 28-də imzalanan əfv fərmanı ilə hər iki jurnalist azadlığa buraxılmışdı. Qeyd edək ki, "Sənət qəzeti" maliyyə problemlərinə görə, müvəqqəti olaraq nəşrini dayandırıb.

Previous Post

ƏVƏZ ZEYNALLI BARƏDƏ CİNAYƏT İŞİNƏ XİTAM VERİLDİ

Next Post

MAHAL İSMAYILOĞLU APELLYASİYA ŞİKAYƏTİ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.