Sərdar Əlibəyli 4 il azadlıqdan məhrum edildi

Serdar Elibelyli 01

Noyabrın 13-də Xətai rayon məhkəməsində həbsdə olan “Nota Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi keçirilib.

Jurnalist məhkəmədə son sözlə çıxışına xüsusi bəyanatla başlayıb. O bildirib ki,  mənə təklif ediblər ki, mən Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və Ramil Usubov barədə məhkəmədə deyim ki, guya onlarla bağlılığım olub. Bu yolla məndən kompromat almaq istəyirlər, amma nail ola bilməzlər. Mən bunu qəti rədd edirəm. Mən müstəqil fəaliyyət göstərmişəm və fəaliyyətimə görə də həbs olunmuşam.

 “Dörd aydır heç bir yaxınımla  və vəkillə də konfidensial görüşə bilməmişəm. Sübutlar qeyri-qanuni yollarla əldə olunub, ekspertiza rəyləri natamamdır. Qərəzli və məqsədyönlü şəkildə ekspertizalar qarşısında lazımi suallar qoyulmayıb, natamam aparılıb, ayaqqabı, dırnaq altında mikrohissəciklər – bunlar istintaqın əlfibasıdır, ancaq  yoxlanmayıb. Bu barədə vəsatətim də rədd edilib ki, vaxtında verilməyib. Müdafiə hüququm da kobud şəkildə pozulub. Tutulduğum zaman istəmədiyim vəkil mənim işimə çıxıb”, -deyə jurnalist çıxışında qeyd edib.

Müşavirədən qayıdan hakim Sərdar Əlibəylinin ittiham üzrə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edildiyini bildirib.

Xatırladaq ki, iyulun 31-də “Note- Bone” qəzetinin baş redaktoru Sərdar Əlibəyli axşam saatlarında “Nərimanov” metro stansiyasının yaxınlığında Xətai rayon 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətirilib və barəsində 2 sutka tutma haqqında qərar qəbul edilib. Sərdar Əlibəyli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) ilə ittiham olunur. Avqustun 2-də Xətai rayon Məhkəməsi  barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib. Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qüvvədə saxlanılması barədə qərar verib. Jurnalist hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Əlibəyli ona qarşı irəli sürülən ittihamla razılaşmadığını və ittihamın qurama olduğunu, həbsinin səbəbi kimi son həftələrdə yazdığı sərt məzmunlu yazıları gördüyünü bildirir.

Previous Post

Noyabrın 15-də “Azadlıq” qəzetinə yardım marafonuna start verilir

Next Post

IMS, RATİ, MEMO 98 və Naxçıvan DQİRM Azərbaycanda media plüralizminin inkişafı üçün layihəyə başlayır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.