“Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova “Azadlıq” qəzetini və onun əməkdaşları Ramin Deko ilə Hikməti (Hikmət adını gizli saxlayan müəllifin imzasıdır) məhkəməyə verib.
R. Hacıbəyli məhkəmə barədə bildirişin dünən redaksiyaya daxil olduğunu dedi. Redaktor həmçinin qəzetə qarşı olan bu məhkəmə iddiasını “Azadlıq” qəzetinin hədəfə alınması və əməkdaşların qorxudularaq onların peşə fəaliyyətlərini məhdudlaşdırmaq məqsədi daşıdığını bildirdi.
Qəzetin vəkili Fariz Namazlı RATİ-yə açıqlamasında işin Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin icraatında olduğunu və ilkin hazırlıq iclasının 9 avqust saat 15:45-ə təyin edildiyini dedi.
Xatırladaq ki, “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova 7 iyul 2012-ci il tarixində “Azadlıq” qəzetində dərc olunmuş “Kəbirə Məmmədovanın “Eurovizyon əməliyyatı” və 8-9 iyul tarixində “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrin onun işgüzar nüfuzunu ləkələdiyini hesab edərək, Yasamal rayon Məhkəməsinə müraciət edib. İddiaçı təkzib verilməsini və cavabdehlərin hər birinin 50 000 manat cərimələnməsini, bu məbləğin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Ruhi Əsəb Əlil Qocalar evi”nə köçürülməsini xahiş edir.