AŞPA-NIN QIŞ SESSİYASINDA AZƏRBAYCANDAKI SÖZ AZADLIĞININ VƏZİYYƏTİ MƏNFİ QİYMƏTLƏNDİRİLİB

Dünən (27 yanvar) Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Şurasının üzvü olan ölkələrdə medianın vəziyyəti müzakirə edilib. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Azərbaycan üzrə məruzəçi Andres Herkel Avropa ölkələrində jurnalistlərin təkcə öldürülmədiyini, həm də fiziki təzyiqlərə məruz qaldığını, böhtanla üzləşdiyini, onlarda daxili senzura yarandığını deyib. Cənab Herkel bir cümləylə Azərbaycanda da medianın vəziyyətindən narahatlığını bildirib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bildirib ki, Azərbaycanda tamamilə azad media mövcuddur. “Azərbaycanda media üçün gözəl şərait var, internet qiymətləri aşağı salınıb, ölkəni əhatə edən 7 televiziya və 3 mindən çox mətbu orqan var” – deyə Səmədov vurğulayıb.  
Müzakirələrdə iştirak edən ATƏT-in media üzrə nümayəndəsi Mikloş Haraşti S.Seyidovun “Azərbaycanda tamamilə azad medianın olması” ilə bağlı fikrini qəbul etməyib. O, iki tanınmış müxalifyönlü, amma eyni zamanda hökumətdən asılı olmayan, müstəqil redaktorun (“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Gündəlik Azərbaycan” və “Realnıy Azerbadjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev) həbsdə olduğunu deyib. “Onlardan birini xuliqanlıq ittihamı, digəri isə vergidən yayınma, terrorizmə çağırış kimi ittihamlarla həbs edilib. Bu yaxında isə guya onun kamerasından 0,2 qram heroin tapılıb. Hüquq mühafizə orqanları jurnalistləri qeyri-jurnalistika ittihamları ilə tutmağı dayandırmalıdırlar” – deyə Haraşti vurğulayıb.
    Dünən Strasburqda keçirilən mətbuat konfransında da Haraşti Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyini deyib. Bu barədə “Turan” məlumat yayıb.  Azərbaycanda jurnalistlərin hüquq-mühafizə orqanları tərəfindən saxta cinayət törətmə ittihamları ilə təqibi təcrübəsi mövcud olduğunu deyən Haraşti buna misal kimi gənc bloggerlər Emin Milli və Adnan Hacızadəyə qarşı cinayət işini göstərib.  O bildirib ki, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışdığı 6 il ərzində o, bir neçə dəfə Azərbaycana səfər edib və 3 dəfə prezident İlham Əliyevlə görüşüb, amma ölkədə KİV azadlığı sahəsində vəziyyət pisləşib.  
Haraşti Naxçıvanda mətbuat azadlığının vəziyyətinin daha ağır olduğunu deyib: "Bütünlükdə Azərbaycanda avtoritar idarəetmə elementləri varsa, Naxçıvanda tam avtoritarizm hökm sürür".
AŞPA-nın KİV azadlığı üzrə məruzəçisi, Britaniyalı parlamentari Endryu Makintoş da bildirib ki, 2 il əvvəl Bakıda olarkən prezident İlham Əliyev onu inandırıb ki, heç bir problem yoxdur və 6 ay ərzində bütün qalan problemlər həll ediləcək. "Amma ötən iki ildə vəziyyət dəyişməyib" – deyə Makintoş qeyd edib.

Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNƏ DƏSTƏK KOALİSİYASININ TOPLANTISI

Next Post

İFADƏ AZADLIĞININ MÜDAFİƏ KOMİTƏSİ YARADILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.