Dekabrın 10-da Naxçıvanın bir qrup jurnalisti və hüquq müdafiəçisi Muxtar Respublika Gömrük Komitəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıblar. Bu barədə RATİ-yə jurnalist Elman Abbasov məlumat verib. Onun sözlərinə görə, Naxçıvan QHT və Demokratiyanın İnkişafı Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova, adı çəkilən qurumun əməkdaşı İlqar Nəsibov, RATİ-nin Naxçıvandakı müxbirləri Elman Abbasov və Həkimeldostu Mehdiyev dekabrın 8-də Sədərək gömrüyündə əllərindən alınan avadanlıqları götürmək üçün Gömrük Komitəsinə gediblər.
Xatırladaq ki, dekabrın 8-də səhər saatlarından Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük məntəqəsində təxminən 30 nəfərdən ibarət bir qrup şəxsin mühasirəsində qalan Naxçıvanın QHT İnkişafı və Demokratiya Regional Resurs Mərkəzinin əməkdaşı İlqar Nəsibov və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun, həmçinin contact.az onlayn nəşrin reportyoru Elman Abbasov axşam saatlarında maşınla mühasirədən çıxa bilmişdilər. Gömrük əməkdaşları jurnalistlərə bədən xəsarəti yetirməklə bərabər E.Abbasovun videokamerası və diktofonunu, İ.Nəsibovun kamerası və mobil telefonunu əlindən alıblar.
Jurnalistlər gömrük məntəqəsində sahibkarların hüquqlarının pozulması ilə bağlı araşdırma apararkən fiziki təzyiqlərə məruz qalıblar.
Habelə dekabrın 9-da Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Naxçıvan müxbiri Həkimeldostu Mehdiyev Naxşıvan şəhər Polsi Şöbəsinə aparılıb. Ona qarşı yol-nəqliyyat hadisəsi törətmək ittihamı ilə inzibati işin təhqiqatı başlanılıb və bu, 10 gün davam edəcək. Jurnalistin avtomobili cəza meydançasına aparılıb. Mehdiyevə qarşı iş bir taksiçinin şikayəti üzrə başlanılıb. Guya jurnalist onun maşınını vurub.
Amma polisin bildirdiyi qəza vaxtı Mehdiyevin maşını yerli yeməkxanaların birinin dayanacağında olub. Jurnalist qohumları ilə orada nahar edirmiş. Şikayətçinin özü polisə gəlməyib. Habelə Mehdiyevin maşınında heç bir qəza izi yoxdur.
Habelə Məlahət Nəsibova, İlqar Nəsibov, Elman Abbasov və Həkimeldostu Mehdiyev, onların ailə uzvləri total şəkildə izlənilir. Jurnalistlər dövlət qeydiyyat nömrəsi açılmış ağ rəngli VAZ-2107 markalı avtomobillə gün ərzində izlənilir.
Eyni zamanda E.Abbasovun həyat yoldaşı Minayə Abbasova bu gün mülki geyimli, idmançı cüssəli şəxs tərəfindən yaşadığı evin blokuna qədər izlənilib.
Jurnalistin verdiyi məlumata görə şənbə günü Sədərək Gömrüyündə saxlanılan iş adamları Məhəmməd Qurbanov və Nadir Məmmədov hələ də polisdə saxlanılır, onlara yaxınları ilə görüş verilmir və hər iki şəxs döyülüb, onlara ağır bədən xəsarətləri yetirilib.