DAHA BİR JURNALİSTİN NÖMRƏSİNDƏN TANIMADIĞI ŞƏXSƏ SMS GÖNDƏRİLİB

aprel 21st, 2008
RATİ-nin xəbər verdiyi kimi, "Nota bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiyevə edilən hədələyici zənglərlə bağlı DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları araşdırma aparır.

Lakin bu araşdırmaların nəticəsi barədə heç bir məlumat verilmir. Allahverdiyev bu gün telefon vasitəsilə RATİ-yə "mənə bu məsələ ilə bağlı tədbir görüləcəyi deyilmişdi, lakin tədbir başqa istiqamətdə görülür. Belə ki, dünən (20 aprel) mənə zəng gəlib və tanımadığım bir qız mənim nömrəmdən ona sms gəldiyini bildirib. Həmin qızın sözlərinə görə, sms hədələyici xarakter daşıyıb və aşağıdakı məzmunda olub: "Mən xəstəyəm, mən adamyeyənəm, mən sizi öldürəcəyəm". Lakin mən heç kimə sms göndərməmişəm. Özüm də hiss etdim ki, qız qorxub. Onu başa salmağa çalışdım ki, internet vasitəsilə belə bir əməl mümkündür, həmin qız məni müəyyən mənada anladı. Hesab edirəm ki, bu təzə bir oyundur. Bu məsələni ortaya atıb işdən yayınmaq istəyirlər", deyə vurğulayıb.

Allahverdiyev onu da əlavə edib ki,  bir neçə gün əvvəl o xəstəxanadan çıxıb, lakin vəziyyəti kafi olaraq qalır. Əməliyyat zamanı onun düz bağırsağından xoşxassəli şiş çıxarılıb. Xəstəxanada şərait olmadığından evə qayıdan Allahverdiyev həftədə iki dəfə xəstəxanaya gedir.
Qeyd edək ki, jurnalist aprelin 3-də Topçubaşov adına Eksperimental xəstəxanada düz bağırsağından əməliyyat olunmuşdu. Onun düz bağırsağındakı xəstəliyi həbsxanada olduğu zaman ağırlaşmışdı.