HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNİN BƏYANATI

Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi Naxçıvan Muxtar Respublikası (NMR) hüquq mühafizə orqanlarının dinc əhaliyə qarşı nümayiş etdirdikləri qanunsuz hərəkətləri qəti pisləyir.

Belə ki, 2009-cu il dekabr ayının 27-də Muxtar Respublikanın Culfa rayonunu Bənəniyar kəndində dinc sakinlər dini ayin icra edərkən, polis əməkdaşlarının qəddar fiziki təzyiqi ilə üzləşiblər. Bir neçə sakin polis bölməsinə aparılıb ki, onlar da fiziki təzyiqə məruz qalıblar. Daha sonra onları psixi xəstəliklər dispanserinə aparmaq istəyiblər. Baş verənlərə etiraz əlaməti olaraq saxlanılanlardan biri – üç uşaq atası olan 34 yaşlı oğlu Yunis Əliyev özünü yandırmaq aksiyasını həyata keçirib.  O, üzərinə benzin tökərək özünü yandıracağını bildirsə  də, polislər ona “yandır” deyə reaksiya veriblər. Bundan sonra da Yunis Əliyev özünü yandırma aksiyasını həyata keçirib.
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi baş vermiş hadisə ilə bağlı həmin hüquq mühafizə orqanları əməkdaşlarına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci  (Özünü öldürmə həddinə çatdırma. Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma –  üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 143-cü (Təhlükədə qoyma. Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə — üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə cinayət işinin açılmasını və onların cəzalandırılmağını tələb edir.
Yanvarın 5-də kənddə həbslərin yeni dalğası həyata keçirilib və bu zaman hətta qadın və yaşlı kişilər saxlanılaraq, ruhi xəstəliklər dispanserinə yerləşdirilib. Hadisələr zamanı itkin düşmüş kənd sakinləri barədə hətta qohumlarında da heç bir məlumat yoxdur.  
     Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi Muxtar Respublikada tamamilə sağlam insanların psixi xəstəliklər dispanserinə həbs edilməsinin ilk hal olmadığını vurğulayır. Belə ki, 2008-ci ildə bir qrup gəncin polis tərəfindən saxlanılaraq işgəncəyə məruz saxlanılmağına etiraz edən valideynləri psixi xəstəliklər dispanserinə yerləşdirilmişdi. Nəticədə, saxlanılan valideynlərdən biri 70 İsmayıl Hüseynov psixi xəstəliklər dispanserindən buraxıldıqdan bir müddət sonra vəfat edib. Bu hadisəyə görə isə heç kim cəzalandırılmayıb. Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi xatırladır ki, bu məsələ Birləşmiş Millətlər Təşkilatının İşgəncələr Əleyhinə Komitəsində Azərbaycanla bağlı səsləndirilən hesabatda qeyd  edilib və bu fakt xüsusi müzakirələrə səbəb olub.  
Belə ki, Bənəniyar kəndində baş verənlərlə yerində tanış olmaq istəyən jurnalistlər və yerli hüquq müdafiəçiləri, o cümlədən ”Rafto” mükafatı laureatlı, Naxçıvan Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin sədri Məlahət Nəsibova kəndə buraxılmayıb. Bundan başqa kənddə baş verənlərlə bağlı telefon vasitəsilə məlumat almaq istəyən jurnalist və hüquq müdafiəçiləri naməlum şəxslər tərəfindən təhqir edilib. Təxminən 36 saat ərzində kənddə bütün rabitə əlaqələri məhdudlaşdırılıb. Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi qeyd edir ki, bu kimi hallar  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, 163.1 Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə— yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə cinayət məsuliyyəti yaradır və hüquq mühafizə orqanlarından baş verənlərlə bağlı günahı olanların cəzalandırılmasını tələb edir.
Qeyd edək ki, Azərbaycandakı durumla bağlı Birləşmiş Millətlər Təşkilatının İşgəncələr Əleyhinə Komitəsinin 19 noyabr 2009-cu il  tarixli  şərhində (CAT/C/AZE/CO) Naxçıvanda sağlam insanların  psixi xəstəliklər xəstəxanasına həbs edilməyi ilə bağlı çoxsaylı  faktlar mövcuddur (səh. 11 və 16). Bundan başqa sənəddə hökumətə “tibbi hallar istisna olmaqla, heç kimin zorla psixiatrik xəstəxanalara yerləşdirilməməyi üçün tədbirlər görməsi barədə tədbirlər görməyi  haqqında” tövsiyələr verilib.   
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi Azərbaycan hökumətindən Naxçıvan Muxtar Respublikasında qanunsuzluq və özbaşınalıqlara son qoyulmasını, jurnalist və hüquq müdafiəçilərinin ərazidə sərbəst fəaliyyət göstərmələrinə şərait yaradılmağını tələb edir.
Habelə Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi beynəlxalq ictimaiyyəti Naxçıvan Muxtar Respublikasında baş verənlərə xüsusi diqqət yetirməyə çağırır.

Previous Post

HİLLARİ KLİNTONUN İNTERNET AZADLIĞI İLƏ BAĞLI ÇIXIŞI MÜZAKİRƏ OLUNUB

Next Post

“SÖZ AZADLIĞI MƏHDUDDUR, YOXSA PEŞƏKARLIQ ÇATIŞMIR?” MÖVZUSUNDA DEBAT KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.