AZƏR AYXANA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA TƏMİN EDİLMƏDİ

Bu gün (30 iyun) Nizami rayon Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyevin, “Binə” Ticarət Mərkəzinin direktoru Dilşad Əmirovanın  “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini  Azər Ayxana qarşı  xüsusi ittiham qaydasında qaldırdıqları iddia üzrə proses keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Azər Ayxanın vəkili, Media Hüququ İnstitutunun hüquqşünası Elçin Sadıqov məlumat verib.  

 

O, bildirib ki, prosesdə Azər Ayxanın təqsirsiz olduğu üçün cinayət işinin xitam edilərək, bəraət verilməsi barədə qərar çıxarılıb.

 

Qeyd edək ki, iddiaya 2008-ci ilin noyabr ayından başlayaraq qəzetin 10 sayında iddiaçılar barəsində dərc olunan 20 məqalə səbəb olub. İddiaçılar “Nazim Quliyev PKK-nı təbliğ edir”, “Nazim Quliyevin arxasında kim durur”, “Nazim Quliyev yenə Bəylər Əyyubovun adından istifadə edir”, “Nazim Quliyev Apellyasiya Məhkəməsinə 350 min manat rüşvət vermək istəyir” və digər yazılarda böhtana məruz qaldıqlarını, təhqir olunduqlarını hesab edərək, A.Ayxanın CM-nin 147.2. (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmasını istəyirdilər

 

Xatırladaq ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev diffamasiya maddələri ilə 20 may 2009-cu il tarixdə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan ona qarşı  15 yanvar 2009-cu ildə isə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirli bilinərək, 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. N.Quliyevin həbsindən sonra “İdeal” qəzeti nəşrini dayandırıb. 1998-ci ilin noyabr ayından fəaliyyət göstərən “İdeal” qəzetinin nəşrində dəfələrlə fasilələr olub. Bu fasilələr əsasən təsisçi Nazim Quliyevin həbsləri ilə bağlı olub.

Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 29 İYUN

Next Post

“FREEDOM HOUSE” İLLİK REYTİNQ HESABATI AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.