“FREEDOM HOUSE” İLLİK REYTİNQ HESABATI AÇIQLAYIB

“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı “2010-cu ildə keçid dövründə olan dövlətlər” adlı illik reytinq hesabatını açıqlayıb. Reytinq 7 ballıq şkala üzrə götürülür – “1” demokratik inkişafın ən yüksək səviyyəsini, “7” isə ən aşağı həddi göstərir.

Azərbaycana həsr olunmuş bölmədə media ilə bağlı hissədə bildirilir ki, 2009-cu ilin mart referendumundan sonra azadlıqların məhdudlaşdırılması prosesi davam edib və Azərbaycanda jurnalistlərin həbsi, hüquq-müdafiə təşkilatlatlarına və gənc fəallara təzyiqlər davam edib. Qeyd olunur ki, 2009-cu ilin mart ayında parlament tərəfindən KİV haqqında Qanuna edilmiş məhdudlaşdırıcı dəyişikliklər aprel ayında Azərbaycan prezidenti tərəfindən təsdiq edilib.

 

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullatevin, gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsinin də qeyd olunduğu hesabatda vurğulanır ki, hakimiyyət müstəqil KİV-i susdurmağa çalışır və bu, özünüsenzuraya gətirib çıxarır. Həmçinin 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmaması da hesabatda əksini tapıb.  2009-ci ilin əvvəlindən xarici radiostansiyalarının yayımına qoyulmuş qadağa qalır. Həmçinin qeyd olunur ki, ötən il diffamasiya maddələrinə görə, jurnalistlərin həbsinin davam etdiyi mənfi hal kimi qiymətləndirilib. Bütün bunlar ölkənin informasiya reytinqinin əvvəlki kimi aşağı səviyyədə – 6,75-ə qalmasına səbəb olub. Televiziya və radioların de-fakto hakimiyyətin nəzarətində olduğu və siyasi mövzuları yaymadıqları da xüsusi qeyd olunub. Bundan başqa çap mediasının aztirajlı olması və regionlarda yayımının zəif olması qeyd olunub.

 

Hesabatda  vətəndaş cəmiyyətinin vəziyyəti də qeyd olunub.  “Vətəndaş cəmiyyəti üçün məkan əvvəlkitək azalır. Hakimiyyət pulla ələ almaq və ya qorxutmaq yolu ilə tənqidin qarşısını alır. Hüquq-müdafiəçilərinə və müstəqil KİV-ə təzyiqlər var. QHT haqqında mürtəce qanun qəbul olunub, baxmayaraq ki, son məqamda yumşaldılıb” – deyilən hesabatda bildirilir ki, vətəndaş cəmiyyətinə təzyiqlərin artması ilə ölkənin reytinqi 5,50-dən 5,75-ə enib.

 

Azərbaycan hakimiyyətinin ölkə üzərində avtoritar nəzarəti dərinləşdirərək, onu cəzasızlıq fonunda idarə etdiyi qeyd olunan hesabatda, 2009-cu ildə ölkənin demokratik idarəetmə reytinqinin 6,25-dən 6,50-ə endiyi bildirilir.

 

Hesabatda qeyd olunur ki, hakimiyyətin azad və ədalətli seçkilər üçün şərait yaratmamaq istəyinin davam etməsi bu məsələdə ölkənin reytinqinin aşağı – 6,75 olmasından xəbər verir.

 

Ədliyyə Nazirliyi, prokurorluq, məhkəmə sisteminin olduqca səmərəsizliyi nəticəsində ölkənin hüquq sisteminin reytinqi 5,75-dən 6,25-ə enib.

 

Neft və dövlət müqavilələrindən daxil olan gəlirlərin xərclənməsi zamanı şəffaflığın olmaması, problemi həll etmək üçün siyasi iradənin olmaması ucbatından korrupsiyanın reytinqi 6,50 səviyyəsində qalır.

 

Freedom House hesab edir ki, 2010-cu ildə Azərbaycanda avtoritarizmin dərinləşəcəyi gözlənilir.  

Əvvəlki illərlə müqayisədə bütün göstəricilər üzrə vəziyyətin pisləşməsi müşahidə olunur.

 

Previous Post

AZƏR AYXANA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA TƏMİN EDİLMƏDİ

Next Post

BAKIDA YENİ MEDİA ERASININ DƏYƏRLƏRİ MÜZAKİRƏ OLUNUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.