
Bu gün (09 avqust) Fəxri Xiyabanda anasının vəfat etməsində həkimləri günahkar hesab edən və şikayətinin araşdırılmadığını əsas gətirən vətəndaş İlqar İbrahimovun mərhum prezident Heydər Əliyevin məzarına şikayət etməsi səhnəsini lentə alan “Obyektiv” onlayn televiziyanın əməkdaşı (Obyektiv TV “Turan” İnformasiya Agentliyi və RATİ-nin birgə həyata keçirdiyi layihədir) Mirrəhim Həsənov və “Bizim yol” qəzetinin əməkdaşı Sevinc Vaqifqızı (Abbasova) Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, ilk olaraq jurnalistləri Fəxri Xiyabanın mühafizəçiləri saxlayıblar. Daha sonra onlar Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşlarına təhvil verilib. Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşları isə onları Prezident Aparatına apararaq M.Həsənovun kamerasında olan RATİ-yə məxsus 100 manat dəyərində olan yaddaş kartını qanunsuz olaraq müsadirə ediblər. S.Vaqıfqızı isə əl telefonu ilə çəkdiyi şəkilləri adı çəkilən idarənin əməkdaşlarının tələbindən sonra özü silib.