VƏTƏNDAŞ CƏMİYYƏTİ NÜMAYƏNDƏLƏRİNİN BƏYANATI

Biz vətəndaş cəmiyyəti təşkilatları olaraq vəkil Elçin Namazovun hüquqalarını müdafiə etdiyi şəxsin müdafisəindən kənarlaşdırılması, onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Baş Prokurorluğa və Vəkillər Kollegiyasından uzaqlaşdırılması üçün Kollegiyaya məlumat verilməsi barədə qərarı qınayırıq və bunu prinsipial mövqe nümayiş etdirən vəkillərə qarşı növbəti repressiv addım kimi qiymətləndiririk. Biz eyni zamanda vəkil Xalid Bağırovun fəaliyyətinin dayandırılmasını da qınayırıq.

 

Belə ki, 2 aprel 2011-ci il tarixdə keçirilən dinc aksiyada iştirakına görə qurama şəkildə ittiham edilən gənc fəal Rüfət Hacıbəylinin işi üzrə Nəsimi rayon Məhkəməsində 27 avqust 2011-ci ildə keçirilən proses zamanı hakim Şahin Abdullayev Hacıbəylinin vəkili Elçin Namazov baəsində yuxarıda qeyd edilən qərarı qəbul etmişdir.

Hüquq müdafiəçisi Vidadi İskəndərovun və 2 aprel dinc aksiyasına görə həbs edilən digər gənc fəal Elnur Məcidlinin vəkili Xalid Bağırovun fəaliyyəti isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun şikayəti əsasında 24 avqust 2011-ci ildə 1 illik dayandırılıb.

 

Hesab edirik ki, bu cür addım həm vəkillərin özlərinə, həm də onların müdafiə etdiyi şəxslərə qarşı yönəlib. Belə ki, vəkillərin aktiv fəaliyyəti nəticəsində siyasi qərar nəticəsində həbs edilmiş şəxslərin tam təqsirsiz olması məhz vəkillər tərəfindən sübuta yetirilmiş, vəkillər cinayət işində və məhkəmə prosesində olan qanunsuzluqları yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında yaxından iştirak etmişlər. Bu vəkillərdən “qisas almaq” üçün edilmiş hərəkətlərdir. Hesab edirik ki, vəkillərin fəaliyyətini məhdudlaşdırmaqla hakimiyyət siyasi işlərə çıxan az saylı vəkillərin daha da azldılmasına və siyasi motivlərə görə həbs edilən şəxsləri müdafiəsiz qoymağa cəhd edir.

 
Bəyan edirik ki, vəkillərə qarşı edilmiş bu hərəkətlər həm vəkillərin, həmdə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı (hüquq və azadlıqların məhkəmə təminatı) və 61-ci (hüquqi yardım almaq hüququ) maddələrinin, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə təsbit edilmiş ədalətli məhkəmə hüququnun, eyni zamanda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun müvafiq müddəalarının pozulmasıdır.
 
Biz Azərbaycan hakimiyyətindən vəkillərə qarşı təzyiqlərin dayandırılmasını və onların fəaliyyətinə normal şəraitin yaradılmasını tələb edirik. Biz eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələyə biganə yanaşmayaraq vəkillərə qarşı təzyiqlərin qarşısını almaq üçün altiv fəaliyyət göstərməyə çağırırıq.
 
Ziya Quliyev, Hüquq Təşəbbüsləri Mərkəzi
Emin Hüseynov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
İradə Cavadova, Hüquqi Maarifləndirmə İctimai Birliyi
Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
Eynulla Fətullayev, İnsan Haqları Uğrunda İctimai Hərəkatı

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ VƏ JURNALİSTLƏRDƏN İBARƏT QRUP NAXÇIVANA SƏFƏR EDƏCƏK

Next Post

HƏFTƏNİN ƏSAS XƏBƏRLƏRİ 03 09 2011

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.