REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun “BBC” kanalını və jurnalistləri hədələməsini qətiyyətlə pisləyir və bu addımı  yüksək çinli məmurun jurnalistlərə və  ümumilikdə   ifadə azadlığına edilmiş  təzyiq  kimi qiymətləndirir.

Qeyd edək ki, BBC-nin “Newsnight” proqramında Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun Beynəlxalq Həvəskar Boks Assosiasiyasına milyonlarla dollar rüşvət verməsinə dair məlumat verib. Rüşvət 2012-ci il London Olimpiadasında 2 azərbaycanlı boksçunun “World Series Boxing” (WSB) seriyası üzrə qızıl medal alması üçün ödənilib. BBC-nin “Newsnight” televerilişi Azərbaycanın beynəlxalq boks təşkilatına (WSB – Ümumdünya Boks Seriyası) məxfi şəkildə milyonlarla dollar pul ödəməsinə dair sübutlar əldə edib. Beynəlxalq Olimpiya Komitəsi məsələ ilə bağlı araşdırmaya başlayıb. BBC telekanalı da rəsmi şəkildə Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək başlanan təhqiqata yardımçı olacağına söz verib. Telekanal rəsmisi məsələ ilə bağlı əllərində olan dəlilləri komitəyə təqdim etməyə hazır olduqlarını bildirib. “Guardian” qəzeti də “Newsnight” verilişində K. Heydərovun  rüşvət verməsi ilə bağlı   məlumat yayıb.

  Ötən həftə Bakıda keçirilən Boks üzrə Dünya Çempionatının açılışından əvvəl yerli jurnalistlərə müsahibə verən K. Heydərov hədə qorxu tonunda: ”BBC kanalı etdiklərinə görə cavab verəcək, redaktorlar isə ağıllarını başına yığsınlar”  və  “bu cür davam edə bilməz”, deyə bildirib.

RATİ qeyd edir ki, Azərbaycanda korrupsiyaya bulaşmış bir dövlət məmuru kimi tanınan Kəmaləddin Heydərovun ( 1995-2006 illərdə Dövlət Gömrük Komitəsinin sədri olub və beynəlxalq təşkilatların hesabatlarına əsasən Azərbaycanda  korrupsiyaya bulaşmış ən birinci dövlət orqanına, yəni Gömrük Komitəsinə  rəhbərlik edib, yerli ekspertlərin fikrinə görə isə öz vəzifəsindən sui istifadə edərək iqtisadi sahədə yaranmış müəyyən monopoliyaların başında K. Heydərov durur və  bunun nəticəsində o Azərbaycanda ən varlı şəxslərdən biridir) və eyni zamanda digər dövlət məmurlarının qanunla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirən jurnalistlərə hər hansı  hədə qorxu gəlməsi  qanuna ziddir və dövlət məmurlarının bu hərəkəti  jurnalistin peşə fəaliyyətinə mane olmağa cəhd kimi qiymətləndirilir.

  RATİ bəyan edir ki, yüksək çinli dövlət məmurunun xarici televiziya kanalını və Azərbaycan jurnalistlərini hədələməsi Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (fikir və söz azadlığı ) və İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddələrinin pozuntusudur.

RATİ  Azərbaycan və eyni zamanda Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə müraciət edərək tələb edir ki, korrupsiya qalmaqalına adı qarışan Kəmaləddin Heydərov xarici televiziya kanalı və jurnalistlərdən üzr istəməli, Azərbaycan Boks Federasiyasında və eyni zamanda dövlət idarəsində tutduğu vəzifədən istefa verməlidir.

RATİ eyni zamanda Beynəlxalq Olimpiya Komitəsinə və Beynəlxalq Boks Federasiyasına müraciət edərək onları bu işi obyektiv araşdırmağa və idman oyunlarını pulla almağa cəhd edən şəxslərə qarşı sanksiyaların tətbiq etməyə çağırır.

 

Previous Post

İDRAK ABBASOVUN VƏ AİLƏ ÜZVLƏRİNİN ÜZLƏŞDİYİ TƏZYİQLƏ BAĞLI DAXİLİ İŞLƏR NAZİRİNİN ŞƏXSİ NƏZARƏTİ AL

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.