Azərbaycanda internet senzuralaşdırıla bilər

Logo_300x_dark - Copy

Onlayn İfadə Təşəbbüsü  (OİT) koalisiyası Azərbaycanda uşaqları internetdə zərərli məzmundan qorumaq adı altında  hakimiyyətə interneti tənzimləmək səlahiyyəti verəcək yeni qanunların qəbul edilməsi planlarından ciddi narahatlığını bildirir. Belə ki, ötən həftə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli mətbuata bildirib ki, uşaqları internetdəki mənfi kontentdən uzaqlaşdırmaq məqsədi ilə  parlamentdə xüsusi qanun layihəsinin hazırlanması gözlənilir. Rəcəbli bildirib ki, Rusiyada və bir sıra ölkələrdə belə məhdudiyyətlər var və söhbət qadağadan deyil, yaş qruplarına görə məhdudiyyətlərin tətbiqindən gedir.

Başda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) olmaqla Azərbaycanın bir neçə ifadə azadlığını müdafiə təşkilatlarından və ekspertlərdən təşkil olunmuş Onlayn İfadə Təşəbbüsü  koalisiyası hökumətin internetin tənzimləməsinə və senzurasına etdiyi cəhdləri daha da artırmasından narahatlığını ifadə edir.

RATİ-nin direktoru Emin Hüseynovun fikrincə, bu cür qanunların tətbiqindən sonra avtoritar rejimlər internet məkanının üzərində texniki senzura tədbirlərinə əl atır. “Bir çox vaxtlarda müvafiq dövlət qurumları tərəfindən qadağan olunmuş saytların qara siyahısı  hazırlanır və  nəticədə həmin ölkədə istifadəçilərin bu cür saytlara girişi bloklaşdırma nəticəsində məhdudlaşdırılır. Misal üçün Rusiyada ötən ilin noyabrın 1-dən fəaliyyətə başlamış ROSKOMNADZOR -un domen adların Vahid Reyestri bir neçə dəfə Google-un Youtube və  blogspot servisini qara siyahıya salaraq, Rusiya ərazisində internet istifadəçilərini bu populyar servislərdən istifadədən məhrum etmişdir. Bu siyahıya salınmanın azyaşlıları uşaq pornoqrafiyasından, narkotik və sui-qəsdlər barədə informasiyalardan qorumaq məqsədi ilə edildiyi deyilsə də, daha sonra Rusiya hökuməti bu servislərin texniki səhv ucbatından bu siyahıya düşdüyünü bəyan edərək onlara girişi bərpa etmişdi. Görünür Azərbaycan hökuməti də Rusiyanın getdiyi yolu seçmək istəyir” -deyə Hüseynov bildirib.

OİT-in qənaətinə görə, hazırda uşaq pornoqrafiyasını yayanları təqib etmək və cinayət məsuliyyətinə  cəlb etmək  üçün bir çox qanunverici alətlər mövcuddur və buna görə də internetdə kontenti sərt tənzimləyə biləcək qanunların qəbul olunmasına ehtiyac yoxdur. RATİ-nin də üzvü olduğu Qlobal Şəbəkə Təşəbbüsü hesab edir ki, uşaqları istismardan və internetdə yerləşən zərərli materiallardan qorumaq dövlət siyasətinin legitim məqsədidir və bu, bir çox ölkələrdə həyata keçirilir. Bu məqsədə ifadə azadlığını və şəxsi həyatın toxunulmazlığını təmin edən beynəlxalq normaları pozmamaqla da çatmaq mümkündür. Məsələn, azyaşlı uşaqların valideynləri (və ya himayədarları) filtrləşdirmə alətlərindən istifadə etməklə onların arzuolunmaz kontentə girişini fərdi olaraq məhdudlaşdıra bilərlər.

OİT hesab edir ki, bundan öncə hakimiyyətin nəzarətində olan Mətbuat Şurasının nəzdində İnternet Mediası üzrə komissiyanın yaradılması, həmin komissiyanın sədri Elnur Baimovun İnternet mediasının qanunvericilik müstəvisində məsuliyyət mühitinin artırılmasına yönələn təkliflər səsləndirməsi, həmçinin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun internet televiziyalarının lisenziyalaşdırılmasının   zərurəti barədə fikirləri onu göstərir ki, Azərbaycan hakimiyyəti internetə həm texniki, həm də kontent cəhətdən ciddi nəzarət  etmə planları hazırlayır.

OİT hesab edir ki, 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkiləri öncəsi,  hökumətin ciddi nəzarətində olan teleradioyayım və çap mətbuat yayımı ilə müqayisədə internet siyasi diskurs üçün hələ ki yeganə azad məkandır. Son zamanlar veb səhifələr, xüsusilə Youtube vasitəsilə qalmaqallı korrupsiya əməlləri, məmur özbaşınalıqları və digər bu kimi əhəmiyyətli məlumatları  əks etdirən  video görüntülər  Azərbaycanın həm paytaxtında, həm də regionlarında  əhalinin geniş etiraz aksiyalarının baş verməsinə səbəb olmuş və bundan ehtiyatlanan hakimiyyət  interneti tənzimləmə barədə düşünməyə başlamışdır.

OİT təəssüflə qeyd edir ki, hökumət bütün bu mürtəce planları reallaşdırmağa Azərbaycanda BMT-nin İnternet İdarəçiliyi Forumu keçirildikdən sonra başlayıb. İİF keçirməklə  hakimiyyət bütün dünyada Azərbaycan barədə internetin inkişafı naminə qlobal tərəfdaş  imici yaratmaq istəsə də, bu gün faktiki olaraq hakimiyyət internet azadlığına dair dəfələrlə səsləndirdiyi vədlərə əməl etmək istəmədiyini göstərir.

OİT bir daha Azərbaycan hakimiyyətinə müraciət edərək, ölkənin beynəlxalq öhdəliklərinə əməl etməyə, internetlə bağlı dövlət siyasətini beynəlxalq hüquq normalarına uyğunlaşdırmağa və internetin ifadə azadlığı üçün azad məkan olaraq qalmasını təmin etməyə çağırır.

OİT eyni zamanda ATƏT-dən və  Avropa Şurasını   Azərbaycan hakimiyyətinin internet sahəsində dövlət nəzarətinin gücləndirilməsinə yönələn planlarını diqqətlə araşdırmağa və Azərbaycan hökumətinə internet azadlığınının durumunu daha da yaxşılaşdırmaqla bağlı tövsiyələr verməyə çağırır.

Qeyd:

Onlayn İfadə koalisiyası Azərbaycanın ifadə azadlığını müdafiə təşkilatları olan İnsan Hüquqları Klubu, Azərbaycan Media Mərkəzi və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) birliyidir. Kampaniyanın məqsədi qabaqcıl təcrübə yaratmaqla Azərbaycanda internet azadlığı və internetə çatımlılığın inkişafı məqsədilə ictimai dialoqu gücləndirməkdir.

Onlayn İfadə koalisiyasının son nəşri olan “Azadlıq axtarışında: Azərbaycanda onlayn ifadə” adlı hesabatla buradan tanış ola bilərsiniz.

Previous Post

Ombudsman Aparatının əməkdaşı Əvəz Zeynallı ilə görüşərək, onun səhhəti ilə maraqlanıb

Next Post

Gənc fəal Facebook-da yazdığı statusa görə polisə çağırılıb

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.