Gənc fəal Facebook-da yazdığı statusa görə polisə çağırılıb

turkel

Fevralın 27-də AXCP gənclər təşkilatının üzvü Türkel Əlisoy “Facebook” sosial şəbəkəsində yazdığı statusa görə polis idarəsinə çağırılıb və ona xəbərdarlıq edilib. Bu barədə RATİ-yə məlumat verən Türkel Əlisoyun sözlərinə görə, Facebook sosial şəbəkəsində yaradılan “Azərbaycan tələbələrinin boykot günü” aksiyasına dəstək verməsi ilə bağlı status yazıb. Bu gün səhər saat 8-də Xətai rayon polis idarəsinin 35-ci polis bölməsinin əməkdaşlarının evə gələrək, onu bölməyə, daha sonra Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) apardığını deyən T.Əlisoy Cinayət-Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin qəbulunda olduğunu bildirir. “Orada mənim Facebook səhifəmdən çıxarışların çap versiyasını göstərdilər. Məni tələbələri və vətəndaşları etiraza səsləməkdə günahlandırdılar. İzahatımda bildirdim ki, facebook-da tələbələrin yaratdığı “tədbir”-i (event) dəstəklədiyimi yazmışam”-deyən Əlisoy onu da əlavə etdi ki,  polislər ona bundan sonra Facebook-da aktiv olacağı və etiraza çağırışlar edəcəyi təqdirdə cinayət işi açılacağını deyiblər. Saat 15 radələrində Türkel Əlisoy sərbəst buraxılıb.

Qeyd edək ki, Facebook sosial şəbəkəsində yaradılan “Azərbaycan tələbələrinin boykot günü” “tədbir”i təhsil sahəsində olan qanunsuzluq və çatışmazlıqlara etiraz etmək məqsədilə fevralın 27-də tələbələri dərsə getməməyə çağırıb və 3 mindən artıq facebook istifadəçisi tərəfindən təsdiqlənib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov RATİ-yə bildirib ki, bu barədə onlarda heç bir məlumat yoxdur və BŞBPİ-yə müraciət etməyimizi məsləhət gördü. BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Qalib Ariflə əlaqə yaratmaq cəhdlərimiz alınmadı.

Previous Post

Azərbaycanda internet senzuralaşdırıla bilər

Next Post

Əvəz Zeynallı və vəkilinin apellyasiya şikayəti üzrə proses keçirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.