REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) dünən (10 iyul) “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin məhkəməsində müşahidə aparmaq istəyən jurnalistlərə və hüquq müdafiəçilərinə, yerli və beynəlxalq təşkilatların nümayəndələrinə və diplomatik korpusun nümayəndələrinə həm mülki, həm də xidməti geyimdə olan polislər tərəfindən edilən təzyiqləri qətiyyətlə pisləyir.

    Belə  ki, polis olduqları halda özlərini təqdim etməyən mülki geyimli şəxslər özlərini dövlət məmuru kimi deyil, qoçu kimi apararaq, məhkəmə qarşısına toplaşmış şəxslərə qarşı fiziki zor tətbiq etmiş, KİV nümayəndələrinin sərbəst informasiya almalarına, və qanuni peşə fəaliyyətlərini yerinə yetirmələrinə də mane olmuşlar. Həmin şəxslər mülki vətəndaş olduqlarını bildirmiş və “biz mülki vətəndaşlarıq, bura da bizim yaşadığımız həyətdir, istəmirik ki, şəkil çəkəsiniz ” – deməklə jurnalistlərin foto və videoçəkiliş aparmalarına etiraz etmiş və onlara qarşı fiziki zor işlətmişlər.
     RATİ bəyan edir ki, mülki geyimli polislərin özlərini mülki vətəndaş kimi təqdim edərək hüquq müdafiəçilərinə və KİV nümayəndələrinə təzyiq göstərməsi son vaxtlar tendensiya halı alıb. Belə ki, “Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi” (VCMK) koalisiyasının iyunun 19-u və 30-da  Milli Məclisin  qarşısında “QHT haqqında” Qanuna təklif edilmiş əlavə və dəyişikliklərə etiraz əlaməti olaraq keçirmək istədikləri aksiyalar zamanı da vətəndaş olduqlarını deyən, lakin sonradan polis olduqları məlum olan şəxslər aksiyaçıların qarşısını kəsərək, onlara təzyiq göstərməsi müşahidə olunmuşdur.
     RATİ  hesab edir ki, bu tendensiya Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə 18 mart Referendumunda qəbul edilmiş əlavə  və dəyişikliklərlə bağlıdır və polislər bu dəyişiklikdən sui-istifadə etməklə vətəndaş cəmiyyətinin üzvlərinə və KİV nümayəndələrinə təzyiqlər göstərir.

     RATİ  bəyan edir ki, Mülki geyimli polislərin bu davranışları qarşısında hüquqi dövlət qurmaq vəzifəsini qoymuş və bu məqsədlə üzərinə beynəlxalq öhdəçiliklər götürmüş Azərbaycan hökumətinə başıucalıq gətirmir, əksinə, Azərbaycanın beynəlxalq arenadakı imicinə ciddi zərbə vurur.

     RATİ  Azərbaycan hökumətini, hüquq-mühafizə orqanlarını, xüsusən də Daxili İşlər Nazirliyi rəhbərliyini bu kimi hallara son qoymağa və bu hallara yol verənləri ciddi cəzalandırmağa, vətəndaş cəmiyyətinin inkişafı üçün çalışan insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmağa və KİV nümayəndələrinin qanunla təsbit olunmuş hüquqlarını pozmamağa çağırır. 

Previous Post

POLİS GƏNC FƏALLARIN MƏHKƏMƏSİNDƏ MÜŞAHİDƏ APARAN VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ÜZVLƏRİNƏ VƏ JURNALİSTLƏRƏ T

Next Post

ELAN!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.