POLİS GƏNC FƏALLARIN MƏHKƏMƏSİNDƏ MÜŞAHİDƏ APARAN VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ÜZVLƏRİNƏ VƏ JURNALİSTLƏRƏ T

Dünən (10 iyul) “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin həbsi hadisəsində media nümayəndələrinə və hüquq müdafiəçilərinə qarşı ciddi qanunsuzluqlar və təzyiqlər baş vermişdir.

Saat 14.00-da gənclərin Səbail Rayon Polis İdarəsinə (RPİ) gətirilməsi ilə bağlı idarənin qarşısına gələn jurnalistlərə və hüquq müdafiəçilərinə, yerli və beynəlxalq təşkilatların nümayəndələrinə və diplomatik korpusun nümayəndələrinə heç bir informasiya verilməmişdir. Saat təxminən 18.00-da isə gənclər sanki ictimaiyyət üçün çox təhlükəli cinayətkar kimi gizli şəkildə Səbail RPİ-nin arxa qapısından çıxarılaraq Səbail rayon məhkəməsinə aparılmışdır
     Analoji vəziyyət Səbail rayon məhkəməsində də baş verib. Belə ki, yenə də gizli şəkildə, insanı alçaldan formada məhkəmə binasına aparılarkən Emin Milli və Adnan Hacızadənin şəkillərini çəkməyə jurnalistlərə icazə verilməyib. Məhkəməyə yalnız gənclərin vəkilləri – İsaxan Aşurov və Elton Quliyevin daxil olmasına şərait yaradılıb. Məhkəmə qarşısına yığışmış jurnalistlər, hüquq müdafiəçiləri və həbs olunmuş gənclərin yaxınlarına polis mane olmuş və onları məhkəmə binasına buraxmayıblar. Məhkəmənin qapalı keçirildiyini deyən polislər, onların nəinki məhkəmə zalına, hətta məhkəmə binasına daxil olmalarına da qadağa qoyublar. Bir neçə dəfə polislər toplaşmış insanları zorla dağıtmağa cəhd göstərmişdir.
     Qeyd edək ki, ATƏT-in Bakı ofisinin 4 mütəxəssisi, ABŞ,  İngiltərə, Almaniya səfirliklərinin, həmçinin Avropa Komissiyasının Bakıdakı nümayəndələri məhkəmənin qarşısına toplaşmış KİV nümayəndələri və hüquq müdafiəçiləri ilə birlikdə polis təzyiqinə məruz qalmışlar. Belə ki, polis olduqları ehtimal olunan, lakin özlərini təqdim etməyən mülki geyimli şəxslər özlərini dövlət məmuru kimi deyil, qoçu kimi apararaq, məhkəmə qarşısına toplaşmış şəxslərə qarşı fiziki zor tətbiq ediblər. Bu mülki geyimli polislər KİV nümayəndələrinin sərbəst informasiya almalarına, və qanuni peşə fəaliyyətlərini yerinə yetirmələrinə də mane olmuşlar.
     Ölkəmizdə səfərdə olan Almaniyanın İnsan haqları üzrə müvəkkili Günter Nokke məhkəmədə həbs olunmuş gənclərlə görüşmək istəsə də, buna icazə verilməyib. Azərbaycanın İnsan haqları üzrə müvəkkili Elmira Süleymanovanın müdaxiləsindən sonra Səbail rayon məhkəməsinin sədri Gülzar Əliyeva almaniyalı Ombudsmanı qəbul etməyə razılıq verib. Görüş üçün məhkəmə binasına daxil olarkən, Günter Nokke dəhlizdə iclasın başlamasını gözləyən Emin Milli və vəkili Elton Quliyevlə təsadüfən rastlaşıb. Vəkil həbs olunmuş gəncin ombudsmana təqdim edib və Emin Milli baş vermiş hadisə ilə bağlı alman dilində ombudsmana məlumat versə də, polislər və məhkəmə nəzarətçiləri, onların söhbətinə mane olub.

     Saat 18.00-dan gətirilmələrinə baxmayaraq, məhkəmə iclası  saat təxminən 21.00-da başlayıb və bir saata qədər  çəkib. Hər iki gənclə bağlı ayrı-ayrılıqda iclas keçirilib. Qapalı keçirilən iclaslara yalnız vəkillər – Elton Quliyev və İsaxan Aşurov buraxılıblar. Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov Emin Milli və Adnan Hacızadəyə barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işinin açılması barədə qərar verib. Emin Milli və Adnan Hacızadəyə hücum edərək onlara xəsarət yetirən Babək Hüseynov və Vüsal Məmmədov zərərçəkən kimi qəbul olunsalar da, polis onların məhkəmədə iştirakını təmin etməyiblər.
     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermişdi.

Previous Post

CEYMS STEYNBERQ EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.