Oktyabrın 30-da Siyasi Məhbusların Beynəlxalq Həmrəylik Günündə Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi sərhədlərindən asılı olmayaraq, hər hansı bir ölkədə siyasi səbəblərdən həbs və ya başqa təqib halları ilə üzləşənlərlə həmrəy olduqlarını ifadə ediblər.
“Ermənistan, Azərbaycan və Gürcüstanın konstitusiyalarının formal şəkildə fərdlərin ictimai və siyasi həyatda heç bir ayrı-seçkilik olmadan iştirak etmək haqqına təminat verməsinə baxmayaraq, insanlar hələ də ölkələrində siyasi fəaliyyət və fikirlərinə görə təqib olunur, qorxudulur, təzyiqlərə məruz qalır” – deyə Şəbəkənin vəkili və Gürcüstandakı koordinatoru Ana Natsvlişvili söyləyib.
Avropa Şurası Azərbaycanda, Ermənistanda siyasi məhbuslar məsələsi ilə bağlı xüsusi məruzəçi təyin edib. Gürcüstanda İnsan Haqları Mərkəzi daxil olmaqla, milli insan haqları qrupu siyasi əsaslarla insanların saxlanılma və incidilmə hallarını bəyan ediblər. Bu yaxınlarda Beynəlxalq İnsan Haqları Federasiyası Gürcüstanda siyasi məhbusların mövcudluğunu etiraf etmişdir.
Ermənistan: Hal-hazırda 2008-ci ilin fevralındakı prezident seçkiləri zamanı həbs olunmuş ən azı on yeddi məhbus var. Onlar 2008-ci ilin martın 1-də baş tutmuş kütləvi ictimai nümayişlərə və hökumət tərəfindən bu nümayişlərin dağıdılması nəticəsində həbs olunublar. Bundan başqa həmin aksiyalarda on nəfər öldürülüb, yüzlərlə müxalifət tərəfdarı həbs olunub və daha çoxu gizlənməyə məcbur olublar.
Bu yaxınlarda Ermənistan prezidenti amnistiya qərarı imzalamış və 1 Mart hadisələri zamanı saxlanılmış bir sıra şəxslər azadlığa buraxılmışdır. Lakin on yeddi nəfər hələ də həbsdədir. Bu şəxslərin hamısı polis ifadəsi əsasında ədalətsiz şəkildə ittiham olunublar. Onları doqquz ilə qədər həbs cəzası gözləyir.
“Bir çox siyasi məhbusun azad edildiyi zəif natamam amnistiya ədalətə bərabər deyil. 30 oktyabr – Siyasi Məhbuslar Günündə biz ərlərinin, atalarının, oğullarının və qardaşlarının dərhal azad edilməsini istəyən on yeddi məhbusun ailələrinə qoşuluruq. Biz sevdiklərini faciəli şəkildə itirib tez bir zamanda ədalət istəyən 1 Mart qurbanlarının ailələrinə qoşuluruq. Biz Ermənistanda siyasi repressiyaya son verilməsini tələb edirik” – Şəbəkəyə üzv olan təşkilatlar bildiriblər.
Azərbaycan: Azərbaycanda yerli və beynəlxalq insan haqları qrupu tərəfindən siyasi məhbus hesab olunan onlarla insan var. Bu siyahıya jurnalistlər, siyasi partiya fəalları, siyasi fəalların yaxınları və s. daxildir. Şəbəkə Azərbaycanda olan 5 jurnalistin – Eynulla Fətullayev, Qənimət Zahidov, Müşfiq Hüseynov, Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli və gənc bloggerlər Adnan Hacızadə və Emin Abdullayevin həbsi və onların jurnalistika fəaliyyəti ilə əlaqədar çox narahatdır. Fətullayev, Zahidov və Hüseynov milli və beynəlxalq təşkilatların əksəriyyəti tərəfindən siyasi məhbus kimi tanınmışlar. Amnesty International Fətullayevi və Zahidovu “vicdan məhbusu” kimi tanımışdır.
Oktyabrın 27–də vətəndaş cəmiyyəti nümayəndələri və keçmiş siyasi məhbuslar ölkənin demokratikləşməsinə və milli barışığa doğru atılan addım kimi siyasi məhbusların azad edilməsi üçün Azərbaycan prezidentinə müraciət etməyi qərarlaşdırıb.
“Siyasi məhbuslar 1980-ci illərin sonlarından başlayaraq davam edən vətəndaş müharibəsinin girovlarıdır. Siyasi məhbusların azad edilməsi hakimiyyət və müxalifətin münasibətinə ziddiyyətli yanaşmanın dəf edilməsi üçün çox vacibdir. Çünki parlament və prezident seçkiləri zamanı həbsxanalar yenidən məhbusla dolur ” – Azərbaycanda İnsan Hüquqları Mərkəzinin icraedici direktoru Eldar Zeynalov bildirdi.
Gürcüstan: Gürcüstanda hökumətə müxalif olan fəalların özlərinə və yaxınlarına qarşı saxta ittihamlarla (silah və narkotik) həbs olunması hallarına tez-tez rast gəlinir.
Bu ilin aprel ayında hazırkı hökumətə qarşı başlanan siyasi nümayişlər onu göstərdi ki, siyasi yönümlü repressiyaların yeni dalğası başlayıb. Yaxın vaxtlarda həbs edilən insanların sayı hakimiyyət və müxalifətin siyasi rəhbərləri arasında olan siyasi danışıqların nəticəsində azalmışdır; lakin onların bir neçəsi hələ də barmaqlıqlar arxasında qalmaqdadır.
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinin üzvləri hesab edir ki, Sovet İttifaqı dağılandan iki onillik keçdikdən sonra siyasi məhbusların olması qəbuledilməzdir.
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinin nümayəndələri Ermənistan, Azərbaycan və Gürcüstan hökumətlərini çağırır:
• Ölkələrində bütün siyasi məhbusları azad etməyə
• Siyasi yönümlü ittihamları dayandırmağı
Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinin nümayəndələri Avropa Şurasını, Avropa İttifaqı nümayəndələrini və digər beynəlxalq təşkilatları çağırır:
• Ermənistan, Azərbaycan və Gürcüstanda olan siyasi məhbuslarla bağlı məsələləri araşdırmaq üçün öz nümayəndələrini göndərsin
• Hər üç ölkədə yerli Hüquq Müdafiəçiləri tərəfindən mütəmadi olaraq keçirilən sifarişli məhkəmələrlə bağlı narahatlıqlara xüsusi diqqət yetirmək və öz nümayəndələrini belə məhkəmələrə nəzarət etmək üçün göndərsin.