GƏNC BLOQÇULARIN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (06 noyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular – Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.

Prosesdə şahid qismində ifadə verməli olan şahid – Şahzeynəb Rüstəmova növbəti dəfə iştirak etməyib. Hakim onun ibtidai istintaqa verdiyi ifadəsini səsləndiriləcəyini bildirdikdə, vəkillər İsaxan Aşurov və Elton Quliyev buna etiraz edərək, şahidin özünün gətirilməsini tələb ediblər. Etiraza baxmayaraq, hadisə baş verən vaxt restoranda olmuş Şahzeynəb Rüstəmovanın ibtidai istintaqa verdiyi ifadə səsləndirilib.
Sonra məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Vüsal Məmmədov istintaqa verdiyi izahatındakı ziddiyyətli məqamlarla bağlı müdafiə tərəfinin vəkillərinin suallarına cavab verib. Vüsal Məmmədov sualların əksəriyyətinə “bilmirəm, xatırlamıram” cavablarını verməklə kifayətlənib.
Daha sonra hadisə baş verən gün təqsirləndirilən və zərərçəkmiş şəxslərin telefon danışıqları və olduqları ərazi ilə bağlı məhkəmənin “Azercell”ə verdiyi sorğulara cavab verildiyi elan olundu. Vəkil İsaxan Aşurov həmin çıxarışlarla tanış olmaq istədiklərini bildirdikdə, Vüsal Məmmədov buna etiraz edib. Müşavirədən sonra hakim yalnız Adnan Hacızadəyə və Emin Milliyə aid olan telefon çıxarışları vəkillərə təqdim olunmasına qərar verildiyini bildirib.  
Növbəti məhkəmə prosesi 11 noyabr saat 15:00-a təyin olundu.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.

Previous Post

“AZADLIQ” RADİOSU BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB

Next Post

CƏNUBİ QAFQAZ İNSAN HÜQUQ MÜDAFİƏÇİLƏRİ ŞƏBƏKƏSİNİN BƏYANATI

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.