TƏLƏBƏLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI İCTİMAİ BİRLİYİ HESABATINI AÇIQLADI

Bu gün (10 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi 2009-2010-cu tədris ilinin qış semestrinin yekunlarına dair hesabatı ilə bağlı mətbuat konfransı keçirildi. Birliyin rəhbəri Elnur Məmmədov bildirdi ki, qış semestrində tələbələr üçün “Qaynar-Xətt” xidməti təşkil edilmiş, bundan əlavə özəl ali məktəblərdə imtahanların monitorinqi aparılmış, dövlət ali məktəblərinin tələbələri arasında sorğu keçirilmişdir.

E. Məmmədov əlavə qeyd etdi ki, “Qaynar-Xətt”ə daxil olan məlumatlar həm təşkilatın öz xətti ilə, həm də Təhsil Nazirliyinin “Qaynar-Xətt”inə yönəldilməklə onlarla birgə araşdırılmışdır. Daxil olmuş 17 müraciətdən yalnız 3-ü anonim olmuşdur. Qalan 14 müraciətdən isə 9-u müsbət həllini tapmış, 5-i isə həll olunmamışdır.
    “Özəl ali məktəblərdə imtahanların monitorinqi zamanı 3 ali məktəbdə (Azərbaycan Beynəlxalq Universiteti, Təfəkkür Universiteti və Azərbaycan İctimai Siyasi Universiteti) ciddi pozuntular aşkar edilmişdir. Belə ki, həmin ali məktəblərdə dekanlar və prorektorlar (Azərbaycan İctimai Siyasi Universitetində hətta rektor) imtahanların gedişinə müdaxilə etmişdir. Digər özəl ali məktəblərdə ciddi pozuntular baş verməsə də, imtahanların nəticələri çox zəif olmuşdur” – deyən E.Məmmədov əlavə etdi ki, dövlət ali məktəblərinin tələbələri arasında keçirilən sorğu zamanı buradakı problemlərin özəl ali məktəblərdən az olmadığı müşahidə edilmişdir. Yalnız 2 ali məktəb (Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dillər Universiteti) istisna olmaqla, digər ali məktəblərdəki problemlərlə bağlı narazılıq edən tələbələr 55-90 % təşkil etmişdir.
    Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri Ənvər İmanov və İlyar Vahabov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və ali məktəb tələbələri də iştirak etmişdir.


Foto:
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,422/lang,az/

Previous Post

ELAN!

Next Post

“MOZALAN” JURNALININ MƏTBUAT ŞURASINA QARŞI İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.