ALİ MƏHKƏMƏ QƏNİMƏT ZAHİDİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Ali Məhkəmə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin (Zahidov) əlyazmaları ilə bağlı Səbail rayon Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) dünən  (31  avqust) 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı ilə görüşən Ayəndə Mürsəliyeva məlumat verib.

A. Mürsəliyeva  bir neçə gün əvvəl  Ali Məhkəmənin əlyazmalarla bağlı Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxladığı barədə çıxardığı  qətnamənin surətinin Q. Zahidə göndərildiyini dedi: “Qənimət Avropa Məhkəməsinə müraciət etməyi düşünür və bu instansiyanın məsələyə obyektiv yanaşacağına ümid edir” – deyə A.Mürsəliyeva bildirdi.
Xatırladaq ki, Q. Zahid 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanıldığı zaman Azərbaycanın müasir tarixinə dair yazdığı 300 səhifədən ibarət kitabın əlyazmaları təcridxananın rəisi Misir Əliyev tərəfindən oxumaq adı ilə müəllifdən alınmışdı. Daha sonra isə M. Əliyev əlyazmalarda sabiq prezident  Heydər Əliyev və hazırkı prezident İlham Əliyevin əleyhinə məlumatların əks olunduğunu  əsas gətirərək kitabı  məhv etdiklərini bildirmişdi. Baş redaktor bununla bağlı təcridxana rəhbərliyini məhkəməyə verərək, cavabdehlərin məsuliyyətə cəlb olunması, vurulan mənəvi ziyana görə, 1 000 000  (bir milyon) manat təzminat ödənməsini barədə iddia qaldırmışdı. Həm Səbail rayon məhkəməsi, həm də Apellyasiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarmışdılar.
Baş redaktorun ayağındakı ağrılardan əziyyət çəkdiyini, lakin   saxlanma şəraitindən şikayət etmədiyini deyən A.Mürsəliyeva RATİ-yə onu da bildirib ki, Q.Zahid səhhətindəki problemlərə baxmayaraq oruc tutur.
Əlavə edək ki, Ombudsman Aparatının əməkdaşları da bir neçə gün öncə 17 saylı cəzaçəkmə müəssisəsində Qənimət Zahidlə də görüşmüşdülər.
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

MAHAL İSMAYILOĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES TƏXİRƏ SALINIB

Next Post

PƏRVİZ ƏZİMOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.