MAHAL İSMAYILOĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES TƏXİRƏ SALINIB

Bu gün (01 sentyabr) Sumqayıt Şəhər Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun (Sadıqov) Abşeron rayon Məhkəməsinin çıxardığı  hökmdən verdiyi apelyasiya şikayətinə əsasən keçirilməli olan məhkəmə baxışı təxirə salınıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) M.İsmayıloğlunun özü məlumat verib.
“Apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması barədə hazırlıq iclasında qaldırdığımız vəsatət təmin olunmadığına görə, Ali Məhkəməyə kassasiya məhkəməsinə şikayət vermişik. Ona görə də, Ali Məhkəmənin qərarı çıxanadək Apellyasiya şikayəti üzrə proses təxirə salınıb” – deyə M.İsmayıloğlu bildirdi.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında 2008-ci il iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılmışdı. 1 iyul 2009-cu il tarixində Abşeron rayon Məhkəməsi M.İsmayıloğlunu CM-in 127-ci (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə təqsirli bilərək, ona 2 il şərti azadlıqdan məhrumetmə cəzası verib.
M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.

Previous Post

AZƏRBAYCANDA İNTERNET TARİFLƏRİ ENDİRİLİB

Next Post

ALİ MƏHKƏMƏ QƏNİMƏT ZAHİDİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.