Dünən (15 mart) Ali Məhkəmə bir qrup jurnalist – Elçin Həsənov, Əfqan Muxtarlı və Natiq Ədilovun Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə qarşı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan verdikləri şikayəti təmin etməyib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Həsənov məlumat verib.
Xatırladaq ki, adıçəkilən jurnalistlər 10 may 2009-cu il tarixində Səbail RPİ-nin 39-cu polis bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıb. Onlar Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamağına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün 39-cu Polis Bölməsinin qarşısında olarkən polislər tərəfindən döyülüblər. Jurnalistlər polisin hərəkətinin qanunsuz hesab edilməsi xahişi ilə məhkəməyə müraciət ediblər. Səbail rayon Məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarmışdı, Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxladığından jurnalistlər kassasiya şikayəti vermişdilər.
Elçin Həsənovun sözlərinə görə, onlar bütün məhkəmə instansiyalarına təzyiqə məruz qalmaları ilə bağlı foto və video çəkilişlər təqdim etsələr də, iddiaları təmin edilməyib. Həsənov Avropa Məhkəməsinə də müraciət edəcəklərini qeyd edib.