ALİ MƏHKƏMƏ PLENUMUNUN EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARI DƏYİŞDİRİLİB

Bakı İstintaq Təcridxanasında saxlanan məhbus jurnalist Eynulla Fətullayev müraciət yayıb. “Media forum” xəbər saytının yaydığı məlumatına görə, jurnalist Ali Məhkəmə Plenumunun 11 noyabr qərarının mətninin ona təqdim edildiyini bildirir və deyir: “Mətnlə tanış olarkən gözlərimə inanmadım.

Təkrar-təkrar, dönə-dönə mətni bir neçə dəfə oxuduqdan sonra dəhşətə gəldim. Plenumun qərarı dəyişdirilib! Hər halda 11 noyabrda Ali Məhkəmənin kürsüsündən səslənən və mətbuatda dərc edilən qərardan əsər-əlamət qalmayıb.

11 noyabrda elan olunan qərara görə, baş prokuror müavininin vəsatəti ilə plenum Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 30 oktyabr 2007-ci il hökmünün vergilərə aid hissəsinin sanksiyasını 4 aydan (cəzaların toplanmasında bu cəza 2 aya enmişdi) 2 il 3 aya qədər artırmışdı. Vəkilim Elçin Sadıqovla mən mətbuatda və ictimaiyyət qarşısında etdiyimiz çoxsaylı çıxışlarımızda bunun qanunsuz olduğunu vurğulamış, Cinayət Məcəlləsində vergi cinayəti ilə bağlı sanksiyanın artırılmasının mənim həbsimdən sonraya təsadüf etdiyini, qanunlara əsasən, cəzanı ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsinin olmadığını demişdik. Görünür, bu çıxışlarımız təsirsiz ötüşməyib. Lakin plenum həbsxanada qanunsuz cəza çəkdiyim müddətin heç olmasa bir hissəsini hüquqi cəhətdən əsaslandırmaq üçün daha əcaib və daha qanunsuz qərara imza atıb.

2006-cı ildə polis orqanlarında tərk-silah edilmiş Hacı Məmmədov dəstəsinin cinayət əməllərini tədqiq etdiyimi, bu mövzuya böyük sayda məqalələr həsr etdiyimi oxucular yəqin xatırlayır. “Antibiotikin süqutu” və “Quldur Bakı” sərlövhəsi ilə oxuculara təqdim olunan araşdırmalar böyük əks-sədaya səbəb olmuşdu. Daxili işlər naziri Ramil Usubov Yasamal Rayon Məhkəməsinə şikayətlə müraciət edərək mənim diffamasiyada təqsirli bilinib məhkum olunmağıma cidd-cəhdlə çalışmışdı. 26 sentyabr 2006-ci ildə Yasamal Rayon Məhkəməsi “Antibiotikin süqutu” məqaləsinə görə məni 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmiş və dərhal real cəzanı sınaq müddəti ilə əvəz etmişdi.

Bu məhkəmə hökmündən apellyasiya şikayəti verib Avropa İnsan Hüquqları Məhkəməsinə qədər yolun qət edəcəyinə qərar vermişdim. Lakin apellyasiya araşdırması ərəfəsində Ramil Usubovun səlahiyyətli nümayəndəsi mənə barışıq təklifi ilə müraciət etmiş və Avropa Məhkəməsinə şikayətlə müraciət etməyəcəyim təqdirdə apellyasiya instansiyasında cəzamın 1 ilə qədər azaldacağını, bir neçə aydan sonra isə tam ləğv ediləcəyi vədi vermişdi. Biz səlahiyyətli nümayəndə ilə centlmen barışıq sazişi bağladıq və mən hökmdən kassasiya şikayəti vermədim.

Sonradan mən başqa ittihamlarla həbs edildim. Cəzalar toplananda Ramil Usubovun iddiası ilə verilən cəza ləğv olundu, onu 1 aylıq real cəzaya çevirib digər cəzalara birləşdirdilər. Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət edəndə mən bu cəzadan şikayət vermədim, çünki bu, centlmen razılaşmasını pozmuş olardı”.

Jurnalist yazır ki, Ali Məhkəmənin Plenumu Apellyasiya Məhkəməsinin 22 dekabr 2006-cı il tarixli hökmünü ləğv edərək Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2006-cı il tarixli hökmü ilə aldığı 2 illik şərti cəzanı real cəzaya çevirib: “Məhz bu cəzanı da mənə qarşı tətbiq edib. Amma nədənsə plenum cəzamın əvvəlini 26 sentyabr 2006-cı ildən deyil, 3 iyul 2007-ci ildən hesablayıb. Belə çıxır ki, MTN-in təcridxanasında saxlandığım 9 ay ərzində yaşadığım iztirablar, 12 saylı Cəzaçəkmə Müəssisəsində keçirdiyim müsibətlər Hacı Məmmədovun dəstəsini və bu dəstəyə himayə edən qüvvələri tənqid etdiyimə görədir. Ali Məhkəmə Plenumunun qərarından belə nəticə hasil olunur”.

Eynulla Fətullayev qeyd edir ki, Ali Məhkəmənin Plenumu “Antibiotikin süqutu” məqalələr toplusuna yeni nəfəs verib: “Plenum bu işi hüquqi məkana qaytarmaqla üzümüzə Ramil Usubovun işi ilə bağlı məsələdə də Avropa Məhkəməsinin qapılarını açdı. Qoy avropalı hakimlər və hüquqşünaslar Azərbaycan polisi haqqında maraqlı detektivlər oxusun və ədalətli qərar versin”.

Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

Onu da qeyd edək ki,E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub.

 

Previous Post

“TURAN” İNFORMASİYA AGENTLİYİNİN EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏ

Next Post

TURAN IN NAZİRLİYƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.