ALİ MƏHKƏMƏ BAŞ REDAKTOR BARƏSİNDƏ ÇIXARILMIŞ QƏRARLARI QÜVVƏDƏ SAXLADI

aprel 24th, 2009
Bu gün (24 aprel) Ali Məhkəmədə hakim Aslan Kalbalıyevin sədrliyi ilə "Təhqiqat" qəzetinin baş redaktoru Yaqub Məğrurun, Yasamal Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılması ilə bağlı Bakı Apellyasiya məhkəməsinin qərarından verdiyi kasassiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Belə ki, sahibkar Eldar Məmmədəliyev, "Təhqiqat" qəzetinin 27 dekabr 2007-ci il tarixli sayında dərc edilmiş "Qara gədələrin Türkmənistan və Qazaxıstanda qara əməlləri" başlıqlı məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək  Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. E. Məmmədəliyev öz iddiasında qəzetinin baş redaktoru Y. Məğrurun 10000 AZN məbləğində cərimələnməsini və qəzetdə təkzib verməsini istəmişdir. Yasamal Rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevin sədrliyi ilə baxılan prosesdə iddianın qismən təmin edilməsi, yəni baş redaktorun 200 AZN məbləğində cərimələnməsi və qəzetin təkzib verməsi barədə qərar qəbul edilib. Bu qərarla razılaşmayan Y. Məğrur Yasamal Rayon Məhkəməsinin çıxardığı qərardan apelliyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Daha sonra baş redaktor Apellyasiya məhkəməsinin çıxardığı qərardan kassasiya şikayəti verib.
İşlə bağlı Ali Məhkəmə keçirilən bugünkü iclasda cavabdeh Y. Məğrur onun hüquqlarını müdafiə edənlər – “Media Hüququ İnstitutu” nun vəkili Elçin Sadıqov, vəkil Şaiq Hüseynov və baş redaktorun səlahiyyətli nümayəndəsi Anar Bayramov, iddiaçı tərəfdən isə Eldar Məmmədəliyevin özü iştirak edirdilər.
Prosesdə ilk çıxış edən vəkil Ş. Hüseynov, birinci instansiya məhkəməsinin işlə bağlı obyektiv qərar qəbul etmədiyini və iddiaçı E. Məmmədəliyevin yazının qəzetdə dərc edildikdən 4 ay sonra məhkəməyə müraciət etməsini qanunsuz olduğunu bildirib.
Vəkil E. Sadıqov isə öz növbəsində, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində söz azadlığına verilən dəyərləri əsas tutaraq hakimdən kasassiya şikayətini təmin etməyini xahiş etdi.
Cavabdeh,  "Təhqiqat" qəzetinin baş redaktoru Y. Məğrur vəsatətlə çıxış edərək, iddiaçının yazıya görə hansı formada mənəvi ziyan çəkməsini dair məhkəməyə arayış təqdim etməsi və məhkəmənin E. Məmmədəliyevin Türkmənistan Respublikasında həbsdə olması barədə Daxili İşlər Nazirliyinə (DİN)  sorğu göndərilməsini xahiş etdi. Lakin hakim heç bir vəsatəti təmin etməyib.
Sonda hakim A. Kalbalıyev “Təhqiqat” qəzetinə qarşı çıxarılmış əvvəlki qəraların qüvvədə saxlanılması barədə qərar çıxarıb.
"Təhqiqat" qəzetinin baş redaktoru Y. Məğrur Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi açıqlamada məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini bildirib.