TAĞI ƏHMƏDOV “AZADLIQ” QƏZETİNDƏN 200 MİN MANAT İSTƏYİR

iyun 6th, 2012
İyunun 4-də Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun “Azadlıq” qəzetinə qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Bu barədə bu gün (5 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Media Hüquqları İnstitutu”nun hüquqşünası Fariz Namazlı məlumat verib.

Vəkilin sözlərinə görə, dünən keçirilən məhkəmə iclasında iddiaçı tərəfin iki nümayəndəsi və cavabdeh tərəfin nümayəndəsi iştirak ediblər. Cavabdeh tərəfin etirazı məhkəməyə təqdim olunub və hakim E.Qurbanov növbəti prosesi 12 iyun saat 15:00-a təyin  edib.

Xatırladaq ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetinin 8 aprel 2012-ci il tarixli sayında dərc olunan “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqalədə özünün  şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirərək, “Azadlıq” qəzetinin üzərinə təkzib vermək və vurduğu mənəvi zərərə görə 200 000 AZN təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etməsi iddiası ilə Yasamal rayon Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu il oktyabrın 24-dən çıxır və gündəlik nəşr olunur.