ƏVƏZ ZEYNALLIYA QARŞI VERGİDƏN YAYINMA İTTİHAMI LƏĞV EDİLİB

Bu gün ( 9 iyul) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Miminat Hacıbəyovanın sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının  Vergilər Nazirliyi və Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Baş redaktorun həyat yoldaşı Məlahət Zeynallının Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi  məlumata görə, hakim M. Hacıbəyova “Xural” qəzetinin 22 fevral 2012-ci il tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsinə dair qərarını elan edib. Bu qərardan sonra "Xural" qəzetinin redaktoru Əvəz Zeynallıya qarşı irəli sürülmüş 213-1 (vergidən yayınma) ittihamı ləğv edildiyi bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallıya qarşı 22 fevral 2012-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə 7251,20 (yeddi min iki yüz əlli bir manat iyirmi qəpik) yoxlama zamanı guya azaldılmış vergi məbləği yazılmış, 3625, 60 (üç min altı yüz iyirmi beş manat 60 qəpik) maliyyə sanksiyası tətbiq etmişdi.
Xatırladaq ki, qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

GİLAN MMC-NİN “YENİ MÜSAVAT”A QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

GƏNCLİK VƏ DEMOKRATİYA QADIN HÜQUQLARI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.