“TƏZADLAR”IN BAŞ REDAKTORU ASİF MƏRZİLİ AZAD EDİLDİ

aprel 9th, 2009
Bu gün (9 aprel) Bakı Appelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin Yasamal Rayon Məhkəməsinin qərarından verdiyi şikayət əsasında məhkəmə prosesi keçirilib. Prosesdə hakim Q. Məmmədov Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmayılovun 7 aprel 2009-cu il tarixində "Təzadlar" qəzetinin baş redaktoru A. Mərzili barəsində çıxardığı qərarın ləğv edilməsi, onun azadlığa buraxılması və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Hakim eyni zamanda Yasamal Rayon Məhkəməsinin müstəqil jurnalist Zümrüd Məmmədova barəsində çıxarılmış 6 ay müddətinə icbari islah işlərinə məhkumetmə qərarını da ləğv edib.
 Apellyasiya Məhkəməsinin hakimi Q. Məmmədov həmçinin A. Mərzili barədə verilmiş iddianı icraata götürmüş hakim Abbas Rzayevə şiddətli töhmət və baş redaktor barəsində həbs qərarı çıxarmış hakim Tahir İsmayılova isə töhmət verilməsi barədə xüsusi qərardan çıxarıb. Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna A. Mərzilinin hüquqlarını müdafiə edən “Media Hüquqları İnsatitutu” nun vəkili Elçin Sadıqov verib. Vəkilin bildirdiyinə görə bu xüsusi qərardad baxılması üçün Məhkəmə Hüquq Şurasına göndəriləcək və Şura öz qiymətini verəcək. 
Xatırladaq ki, “Təzadlar” qəzetinin baş redaktoru A. Mərzili, Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şərəf və ləyaqətin müdafiəsi maddələri ilə qaldırdığı iddia əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. İddiaya səbəb qəzetin 19-26 avqust 2008-ci il tarixli saylarında “Mahir Abdullayev Bakıdadır?” başlıqlı və bu mövzuda dərc olunan digər məqalələr olub. İddiaçı öz iddiasında məhkəmədən “Təzadlar” qəzetinin bağlanmasını, hər iki jurnalistin iddiada göstərilən maddələrlə təqsirli bilinərək həbs olunmasını və dəymiş mənəvi ziyana görə hər birindən 30 min manat təzminatın ödənilməsi haqqında qərarın çıxarılmasını xahiş etmişdi.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,221/lang,az/