REDAKTORLAR BİRLİYİ İNTERNETDƏ GİBER CİNAYƏTKARLIĞA DAİR DƏYİRMİ MASA KEÇİRDİ

Bu gün (11 oktyabr) Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının qərargah mənzilində keçirilən dəyirmi masada İnternet-medianın təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub.

Görüş Redaktorlar Birliyinin təşəbbüsü ilə keçirilib.

Son zamanlar haker hücumlarının artması ilə əlaqədar olaraq bu məsələ aktuallaşıb. İcazəsiz müdaxilədən daha çox müstəqil və müxalifət nəşrləri zərər çəkir. “Bizim mil.az saytımız müntəzəm olaraq hücumlara məruz qalır”, – deyə Təhlükəsizlik Assosiasiyasının sədri Yaşar Cəfərli qeyd edib.

İnternet Forumun rəhbəri Osman Gündüz məsələyə ehtiyatla yanaşıb və nəticə çıxarmağa tələsməməyə çağırıb. “Bu, oxucu fəallığına tab gətirə bilməyən zəif proqrama malik saytın özündə yaranmış sistem problemi ola bilərdi”, –  deyə o bildirib.

Haker hücumları haqqında şikayətlər “Yeni Müsavat”, “Azadlıq”, “Xural”, “Contact” və s. kimi digər internet-resurslardan də daxil olur.

Azərbaycan Media Mərkəzinin rəhbəri Gülnarə Axundova təsdiq edib ki, “Azadlıq” qəzetinin veb-versiyasının problemlərinin araşdırılması göstərib ki, bu resurs həqiqətən haker hücumuna məruz qalıb.

Azərbaycan 2001-ci ildə kibercinayətkarlığa qarşı mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulub və bu günlərdə hökumət bu mövzuda konfrans keçirib. Amma ölkənin üzərinə götürdüyü öhdəlik zəif yerinə yetirilir, məsələn, milli qanunvericilik indiyədək konvensiyaya uyğunlaşdırılmayıb.

Osman Gündüz qeyd edib ki, kibercinayətkarlığa qarşı mübarizə MTN-in səlahiyyətlərinə daxildir, dələduzluq cinayətləri zamanı isə DİN də işə müdaxilə edə bilər.

Lakin İnternet KİV sahiblərinin müdafiə üçün müraciət edəcəkləri bir yer yoxdur, belə ki, dövlət səviyyəsində müdafiə mexanizmləri işlənib hazırlanmayıb.

Dəyirmi masada aydın olub ki, Azərbaycan internet mediası kömək üçün beynəlxalq ekspertlərə müraciət etmək məcburiyyətindədir, amma bu, sistemli müdafiəni təmin etmir.

“Prizma” analitika mərkəzinin rəhbəri İlkin Bağırov ABŞ-ın təcrübəsinə diqqət çəkib. Burada İnternet məkanının müdafiəsinə yönəlmiş milyardlarla dollar büdcəyə malik xüsusi dövlət siyasəti mövcuddur. Buna ölkənin milli təhlükəsizlik sisteminin bir hissəsi kimi baxılır. Azərbaycanda bu məqsədlə çox az vəsait ayrılır və bütün İnternet strukturlarının təhlükəsizliyini təmin etmək üçün vahid layihəyə ehtiyac var.

RATİ sədri Emin Hüseynov isə İnternet resurslarında etika məsələlər və bu kimi problemlərin aradan qaldırılmağı üçün İnternet KİV-ləri Şurasının yaradılmağını təklif etdi.

Sonda iki saatlıq müzakirənin yekunlarına görə fəaliyyətin üç istiqaməti müəyyən olunub.

İlk növbədə İnternet-resursların təhlükəsizliyinin təmin edilməsinə kömək edəcək müstəqil qurumun formalaşdırılmasına başlamaq, İnternetdə təhlükəsizlik fəlsəfəsi layihəsini işləyib hazırlamaq və təşviq etmək lazımdır.

Həmçinin demokratiyanın inkişaf etdiyi ölkələrdə İnternet resurslarının müdafiəsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi qərara alınıb.

Nəhayət, Redaktorlar Şurası adından gələcəkdə haker hücumların qarşısının alınması məqsədilə belə hücumlara məruz qalan veb-resurslardan müraciətlərin qəbulu qaydalarını elan etməsi üçün MTN-ə müraciət etmək qərara alınıb.

 

Previous Post

ALİ MƏHKƏMƏ NEMƏT PƏNAHLININ ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Next Post

İDRAK ABBASOVUN VƏ AİLƏSİNİN ÜZLƏŞDİYİ TƏZYİQLƏ BAĞLI CİNAYƏT İŞİNİN BAŞLANILMAĞI ÜÇÜN İŞ PROKURORLU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.