ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI DAHA ÜÇ NƏFƏRİN ADI HALLANIR

   “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı  gizli məqamlar ortaya çıxıb. Bu barədə “Azadlıq” qəzeti məlumat verir. Qəzetin 11 may tarixli sayında qeyd edilir ki, istintaq orqanları bəzi məqamları gizli saxlayır. Məlumatda göstərilir ki, keçən altı ildə işi araşdıran istintaq orqanının ictimaiyyətə verdiyi məlumat bundan ibarət olub ki, “qətli törədən iki nəfərin adı məlumdur (Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyev) və onların həbsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Belə ki, vəkil Adil İsmayılov bu günlərdə  mətbuata açıqlama verərək bildirib ki, istintaq orqanı bu qətllə bağlı bir sıra vacib məqamları ictimaiyyətdən gizli saxlayır. Söhbət Elmar Hüseynovun qətlinin icraçıları kimi təqdim olunan şəxslərin sayından gedir. Məlum oldu ki, Tahir Xubanov və Teymuraz Əliyev qətldən bir müddət əvvəl və qətl ərəfəsində Azərbaycana gəlib-gedərkən onları daha üç nəfər müşayiət edib. Bunlar da Kasiya Arçil, Bolkvadze Nuqzar və Davrişov Serqo adlı Gürcüstan vətəndaşlarıdır. Onlar qətldən bir neçə saat sonra Azərbaycan-Gürcüstan sərhədini də beş nəfər olaraq, birlikdə keçiblər. Amma nədənsə, istintaq orqanı adlarını sadaladığımız üç nəfərin adını hallandırmamağı lazım bilib.

            “Adları çəkilən şəxslərlə bağlı “Azadlıq” qəzetinə ilginc məlumat daxil olub. Xəbəri verən mənbənin sözlərinə görə, bu günlərdə adları açıqlanan şəxslərin üçü də Gürcüstan vətəndaşı olsalar da, onların hamısı milliyyətcə gürcü deyil. Konkret olaraq, Serqo Davrişovun milliyyətcə kürd olduğu bildirilir”, – deyə qəzetdə qeyd edilir.

Bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyi isə hər hansı bir şərh verir.

            Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılaraq cəzalandırılmayıblar.

Previous Post

BƏXTİYAR HACIYEVİN HÖKMÜNÜN ELAN EDİLMƏSİ QEYRİ MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Next Post

11 05 2011 AZƏRBAYCAN BAKI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.