Məhkəmə Əvəz Zeynallının vergi cəzasını dəyişməyib

evez zeynalli

Mayın 19-u 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının Vergilər Nazirliyinə və Audit Departamentinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin həyat yoldaşı Məlahət Zeynalova məlumat verib.

M. Zeynalova bildirib ki, səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə vəsatətləri təmin olunmayıb.

Qeyd edək ki, Əvəz Zeynallı “Xural” qəzetində səyyar vergi yoxlamasının nəticələrinə dair 22 fevral 2012-ci il aktının etibarsız hesab edilməsini istəyirdi. Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə 9 il azadlıqdan məhrumetmə cəzası çıxarılarkən həmin akta da istinad olunub və məhkəmə hökmündə Əvəz Zeynallıdan 4076 manat vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi tələbi əksini tapıb.

Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı  Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz  Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

RATİ jurnalist Pərviz Həşimlinin azadlıqdan məhrum olunmasını pisləyir

Next Post

Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.