NƏQLİYYAT NAZİRİNİN OĞLUNUN QƏZETLƏRƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ YANVAR AYINA TƏYİN EDİLDİ

 Bu gün (22 dekabr) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Azadlıq” və  “Yeni Müsavat” qəzetlərinə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə iddiaçının nümayəndələri Ruslan Məmmədov, Nazim Allahverdiyev, Nihad Axundov, cavabdehlərdən isə “Yeni Müsavat” qəzetinin nümayəndəsi Fariz Namazlı və qəzetin hüquqşünası Vaqif Hüseyn, eləcə də qəzetin nümayəndəsi qismində Pənah Hüseyn iştirak etsələr də, “Azadlıq” qəzetinin vəkili Elçin Sadıqov sağlamlığı ilə əlaqədar  prosesdə iştirak etmirdi.

İddiaçının nümayəndəsi N. Axundov iddianı müdafiə etdiyini və qəzetlərin səhifələrində hüquqlarını müdafiə etdiyi şəxs barəsində həqiqətə uyğun olmayan informasiyaların yazıldığını və bütün bunların onun işgüzar nüfuzuna zərər vurduğunu bildirdi.

“Yeni Müsavat” qəzetinin nümayəndəsi Fariz Namazlı  vəsatət qaldıraraq “Yeni Müsavat” qəzetinin hüquqi ünvanı Nizami rayon ərazisində yerləşdiyi üçün işin Nizami rayon Məhkəməasində baxılması barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi.

İddiaçının nümayəndəsi N. Axundov qeyd etdi ki, onlar işin Nizami rayon Məhkəməsində baxılması üçün məhkəməyə müraciət etsələr də  28 oktyabr 2010-cu il tarixində Nizami rayon Məhkəməsinin hakimi Ziya Əliyev qərardad çıxararaq, iddia ərizəsinin geri qaytarılması və iddiaçılara işin  Nərimanov və ya Yasamal rayon Məhkəmələrində baxılması hüququnun tanınmasını bildirmişdi.

Hakim  Qurbanov müşavirədən qayıtdıqdan sonra vəsatətin təmin edilmədiyini və cabadehlərin 10 gün müddətində apellyasiya şikayəti verə biləcəklərini bildirdi.

Cavabdeh “Yeni Müsavat” qəzetinin nümayəndəsi  Vaqif Hüseyn iddia ilə  razılaşmadıqlarını və  qarşılıqlı şikayətin hazırlanıb verilməsi üçün məhkəmədən vaxt istədi.

Hakim  Qurbanov müşavirədən qayıtdıqdan sonra işin məhkəmə baxışına təyin edilməsi üçün prosesi 13 yanvar saat 15:30-a təyin etdi.

        Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edir.

            Qeyd edək ki, məhkəmə zalının kiçik olduğu bildirilərək prosesə məhdud sayda müşahidəçi və jurnalist buraxılıb. Habelə  prosesdə Vaqif Hüseyn foto və video çəkiliş aparmaq üçün  vəsatət versə də və  qarşı tərəf buna etiraz etməsə də hakim çəkiliş aparmağa icazə verməyib.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu dəfə də “Dalğa” gənclər hərəkatının bir qrup üzvü  Yasamal rayon Məhkəməsi qarşısında verilmiş iddiaya etiraz əlaməti olaraq aksiya keçirib. Amma qısa müddətdə polis aksiya iştirakçılarının qaldırdıqları plokatları alaraq cırıb.   

Previous Post

SOSİAL TƏLƏBLƏ KEÇİRİLƏN AKSİYADA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİB

Next Post

SOSİAL TƏLƏBLƏRLƏ KEÇİRİLƏN AKSİYADA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.