Bu gün (9 avqust ) Nizami rayon Məhkəməsində hakim İmran Burcayevin sədrliyi ilə jurnalist Fərəməz Novruzoğlunun (Allahverdiyev) işi üzrə məhkəmə prosesi keçirildi.
F. Novruzoğlu icraatda olan işin sübutlarının qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilməsi və iş materiallarında olan sənədlərin sürətlərinin ona təqdim edilməsi və vəkilindən imtina etməsi barədə vəsatətlərini məhkəməyə təqdim etdi.
Hakim İ. Burcayev iş materiallarında olan sənədlərin sürətlərinin F. Novruzoğluna təqdim edilməsi barədə vəsatəti təmin etdi və prosesi 10 avqust saat 10:00-a təyin etdi.
Xatırladaq ki, 18 aprel 2012-ci ildə jurnalist Fərəməz Novruzoğlu gecə saatlarında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi əməliyyatı nəticəsində həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham olunur. Cinayət əməli təsdiq olunarsa, onu 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, F. Novruzoğlu uzun müddət "Xural" qəzetində çalışıb. Sonradan "24 saat", "Noto bene" qəzetlərinin qurucularından olub, “Millətim” qəzetində baş məsləhətçi kimi çalışıb.