Sentyabrın 23-də Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Göyçay rayon Polis Şöbəsinin sabiq rəisi Vüqar Məmmədyarov, Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimov və Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmə prosesi keçirildi.
Prosesdə xüsusi ittihamçılar və xüsusi ittihamçıların nümayəndəsi Əlirza Həbilov iştirak etmirdi.
Hakim ittihamçı tərəfin üzrsüz səbəbdən təkrarən məhkəmə iclasına gəlmədiklərinə görə müşavirəyə getdi.
Hakim ittihamçıların və onların nümayəndələrinin məhkəmə prosesinə üzrsüz səbəbdən təkrarən gəlmədiklərinə xüsusi ittiham üzrə icraata xitam verdiyini bildirdi və məhkəmənin qərarından 20 gün ərzində apellyasiya şikayəti verilə biləcəyini qeyd etdi.
Hüquq müdafiəçisi Vidadi İsgəndərov bildirdi ki, o bu işin axırına gedəcək və xüsusi ittihamçıları onun səhhətinə vurduqları ziyana görə məhkəməyə verəcək.
Qeyd edək ki, Vüqar Məmmədyarov iyun ayının əvvəlində Göyçay rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət Yol Polisinin Şirvan şəhər qeydiyyat imtahan şöbəsinin rəisi təyin olunub.
Xatırladaq ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V. İsgəndərovun ona böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.