HAKİM İDDİAÇI ƏSGƏRİN PROSESƏ GƏTİRİLMƏSİNİ TƏMİN ETMƏDİ

Bu gün (05.06.2008) Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi Bölüyünün əsgəri Fərdi Mürsəlovun “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirildi.

“Gündəlik Bakı” qəzetinin nümayəndəsi Üzeyir Cəfərov çıxışında bildirdi ki, onlar F. Mürsəlovun atası və nümayəndəsi Teyyub Mürsəlova qəzetlərində öz fikirlərini  bildirməyi təklif ediblər. Lakin iddiaçı tərəf bununla razılaşmayıb. Ü. Cəfərov bir daha iddiaçılara fikirlərinin “Gündəlik Bakı”ya yazılı şəkildə təqdim etmələrini təklif etdi və onların fikirlərini qəzetdə dərc edəcəklərinə söz verdi.
Habelə Ü. Cəfərov ötən məhkəmə prosesini də qəzetdə işıqlandırdıqlarını bildirdi və qəzetin surətini qarşı tərəfə təqdim etdi. Buna F. Mürsəlovun vəkili Şəfiqə Nağıyeva etirazını bildirdi və qeyd etdi ki, onlar cavabdeh tərəfi məhkəməyə jurnalist kimi dəvət etməyiblər.     
 Daha sonra çıxış edən T. Mürsəlov qəzetdə oğlu ilə bağlı yalan məlumatın verildiyini dedi: “Məqalədə yazılıb ki, Fərdi Mürsəlov Nizami rayonunda qeydiyyatda olub və sonradan Bakıda qulluq etmək üçün İmişli rayonuna qeydiyyata düşüb. Lakin mən sənədlərlə sübut etmişəm ki, Fərdi Mürsəlov İmişlidə doğulub və orta məktəbi də orada bitirib”, – deyə iddiaçı qeyd etdi.
Cavabdeh tərəfin nümayəndəsi Ü. Cəfərov isə  qəzetin yalan yazmadığını və sübutlara malik olduqlarını, habelə şahidlərinin olduğunu iddia edərək dediklərinin sübuta yetirilməsi üçün əsgər Fərdi Mürsəlovun məhkəməyə gətirilməsi ilə bağlı vəsatət qaldırdı.
Amma  hakim yerində qərar qəbul edərək U. Cəfərovun vəsatətini rədd etdi. Bundan sonra hakim prosesi iyunun 19-u saat 12:00-a qədər təxirə saldı.  
Xatırladaq ki, iddiaya səbəb  qəzetin 8 aprel 2008-ci il tarixli sayında "Mehman Hacalıyevin (M. Hacaliyev Müdafiə Nazirliyi Mənzil İstismar Xidməti Bölüyünün rəisidir – RATİ) qanunsuz əməlləri bitmir" başlıqlı məqalə olub. Əsgər həmin məqaləni heç bir fakta əsaslanmadığını, yazılanların özünü və valideynlərini narahat etdiyini iddia edib. Bu səbəbdən o, qəzetin təkzib verməsini və 50 (əlli) min AZN məbləğində cərimələnməsini tələb edir.

Previous Post

”AMNESTY İNTERNATİONAL” YƏMƏNLİ VƏ AZƏRBAYCANLI JURNALİSTLƏRİ “TƏHLÜKƏ ALTINDA OLAN İNSAN HAQLARI UĞRUNDA JURNALİSTİKA” XÜSUSİ MÜKAFATININ FİNALİSTLƏR SİYAHISINA SALIB (YENİLƏNİB)

Next Post

QHT koalisiyasının keçirdiyi Media Monitorinqinin nəticələri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.