“YENİ MÜSAVAT” QƏZETİNİN MƏHKƏMƏLƏRİ DAVAM EDİR

Oktyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə “Yeni Müsavat” qəzetinə dair  Nizami rayon Məhkəməsinin 13 iyul 2011-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib.

“Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynin bu gün (24 oktyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  verdiyi məlumata görə,  qəzetə dair  Nizami rayon Məhkəməsinin 15 iyun 2010-cu il tarixli qərarının icra  sənədi qüsurludur.

“İcra sənədində “İcra Haqqında” qanunun 7-ci maddəsinin tələbləri pozulub. Qeyd edim  ki, icra sənədində borclular (Azər Ayxan və Qoşqar Bakılı) barədə məlumatlar düzgün göstərilməyib. “Yeni Müsavat” qəzetində Qoşqar Bakılı adlı adam işləmir və bu səbəbdən də məhkəmənin bu şəkildə icrası mümkün deyil”,- deyə bildirən vəkil V. Hüseyn hakimin növbəti prosesi 28 oktyabr saat 12:50-ə təyin etdiyini bildirdi.

Xatırladaq ki, qəzetə qarşı prezident İlham Əliyevin əmisi, Milli Məclisin deputatı, akademik Cəlal Əliyev iddia qaldırmışdı. İddiaya “Yeni Müsavat” qəzetinin 2010-cu il 5 yanvar tarixli sayında dərc olunan “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalə səbəb olub. Nizami rayon Məhkəməsi 15 iyun 2010-cu il tarixdə  iddianı qismən təmin edərək, iddiaya səbəb olmuş məqalə barədə qəzetin növbəti sayında təkzib verilməsi və iddiada yer alan 50 000 (min) manat mənəvi təzminatın 1500 manat olaraq tutulması barədə qətnamə elan edib.

Onu da əlavə edək ki, “Gilan” Qəbələ Konserv Zavodu” MMC “Yeni Müsavat” qəzetini məhkəməyə verib. İddiaya görə, 2009-cu ilin aprelində (2 il 6 ay əvvəl) “Yeni Müsavat”da dərc olunmuş “JALƏ 100 FAİZ TƏHLÜKƏLİ ŞİRƏDİR” başlıqlı yazı qəzetin məhkəməyə verilməsinə səbəb olub. “Gilan” zavodu bunun və digər uyğun materialların zavodun işgüzar nüfuzuna xələl gətirdiyini düşünür.

Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

SOSİAL ŞƏBƏKƏLƏRDƏ FƏALLIQ EDƏN NAXÇIVANLI GƏNC YOXA ÇIXIB

Next Post

AKSİYALAR DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.