Bu gün (24 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində RATİ-nin Naxçıvandakı əməkdaşı Elman Abbasov muxtar respublikada insan hüquqları və medianın durumu, habelə son günlər üzləşdiyi təzyiqlərlə bağlı mətbuat konfransı keçirib.
E. Abbasov həmçinin bildirib ki, oktyabrın 14-də Türkiyədən gələrkən şəxsi əşyaları Naxçıvan beynəlxalq hava limanının Gömrük İdarəsinin əməkdaşları tərəfindən müsadirə edilib. Jurnalist bunun özünə qarşı təxribat olduğunu bildirib.
O hesab edir ki, gömrükdə baş vermiş bu hadisə onun peşə fəaliyyəti ilə bağlıdır. Elman Abbasov MR Gömrük Komitəsini məhkəməyə verəcəyini bildirib.
Hüquq müdafiəçisi İlqar Nəsibov isə öz çıxışında bildirib ki, son günlər Naxçıvanda müstəqil hüquq müdafiəçilərinə, haqlarını tələb edən vətəndaşlara qarşı təzyiqlər şiddətlənib. Bu cür hallar Babək rayonunun Nehrəm kəndində daha çox rast gəlinir.
“Hakimiyyət sadə camaatı hüquq müdafiəçilərinin əleyhinə təxribata çəkir. Bizi Naxçıvanda nüfuzdan salmağa çalışırlar”, – İ. Nəsibov əlavə edib. Onun sözlərinə görə, Naxçıvanda insan haqlarının getdikcə pisləşməsi yaxşı nəticə deyil. “ Naxçıvanda heç kim təzyiqdən sığırtalanmayıb”, – deyə o vurğulayıb.