Dünən (25 noyabr) Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehdiyevin sədrliyi ilə “Turan” informasiya agentliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) qarşı iddiasına əsasən məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Turan” informasiya agentliyinin vəkili Elçin Sadıqov məlumat verib.
Xatırladaq ki, “Turan” informasiya agentliyi sentyabrın 21-də nazirliyə Azərbaycanın bir sıra rayonlarında yüz min hektardan çox torpağı, milyonlarla kv. metr yaşayış yerlərini yararsız hala salmış, habelə mal-qara və digər heyvanların tələf olmasına gətirib çıxarmış daşqından sonra Kür çayının deltasında vəziyyətlə bağlı sorğu göndərib. Nazirlik rəsmi sorğuya cavab verilməsi müddətini pozduğundan “Turan” informasiya agentliyi “İnformasiya əldə edilməsi haqqında” qanunun 9-cu (informasiya sahibləri), 24-cü (informasiya sorğusunun icra müddəti), 29-cu (informasiya sahiblərinin informasiyanı açıqlamaq vəzifəsi), 37-ci (informasiyanın xidməti istifadə üçün nəzərdə nəzərdə tutulmuş hesab edilməsinə qoyulan məhdudiyyət) maddələrinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyini məhkəməyə verib.