Bu gün telekanallarda Aqil Xəlilin işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən xüsusi videosüjet yayımlanıb.
Videosüjetdə qeyd edilir ki, Xəlil Sergey adlı “mavi” tərəfindən bıçaqlanıb. Sergey və daha iki nəfərin ifadələri vidosüjetdə əks olunub. Sergey bildirir ki, Xəlili üçüncü şəxs qarşısında ifşa etdiyi üçün onunla aralarında mübahisə baş verib. Daha sonra Apellyasiya məhkəməsinin qarşısında Sergey maşınla gedərkən Aqilə rast gəlir və onu maşına dəvət edir. Aqili bu işdən çəkindirmək üçün sol əli ilə Aqilin boynunu tutub, sağ əli ilə əlində olan bağlı bıçağın dəstəyi ilə sinəsindən bir neçə dəfə zərbə endirib. Zərbə endirərkən Sergey bu alətdən bıçaq kimi deyil, adi bir dəmir alət kimi istifadə etdiyini söyləyib. Aqil maşından düşdükdən sonra Sergey bıçağın açılmış vəziyyətdə olduğunu görür. Və elə həmin gün bıçağı “Pink House” restoranının yaxınlığında küçəyə atıb.
Daha sonra üzləşdirmə zamanı A.Xəlil Sergeyi tanıdığını bildirib. Sergeylə onu Lalə adlı bir nəfərin tanış etdiyini və Sergeyin evindən Lalə ilə görüş zamanı istifadə etdiyini deyib.
Videosüjetdə qeyd edilir ki, hadisənin Xəlilin ifadəsində göstərdiyi kimi küçədə deyil, maşında baş verməsi, onun iki nəfər tərəfindən izlənilməməsi, cinayətin bir nəfər tərəfindən törədilməsi digər şahid ifadələrində öz təsdiqini tapıb. Şahid qismində dindirilən sürücü Eldar Rəsulov da göstərib ki, martın 13-də Sergey zəng vuraraq onu çağırıb. Və qadın tanışını götürmək üçün onun evinə gediblər. Bu vaxt Sergey yaxınlıqda bir nəfəri görüb və maşının “bardaçok”unu açaraq nə isə götürüb yerə düşüb. Sonra həmin oğlanı maşına dəvət edərək arxa oturacaqda oturub və bundan sonra onlar arasında mübahisə yaranıb..
Videsüjetdə bildirilir ki, istintaq zamanı A.Xəlilov qeyri-səmimilik göstərərək vətəndaş S. Strekalinin həmin gün hadisənin baş verdiyi ərazidə olması və ona xəsarət yetirməsi, onunla heç bir yaxın əlaqələrinin və bu zəmində aralarında hər hansı bir mübahisə və münaqişənin olmasını həmçinin digər kişi cinsli şəxslərlə intim əlaqələrini inkar edib. Xəlilin istifadə etdiyi mobil telefondan vətəndaş S. Strekalinə məxsus telefona 2007-ci ilin dekabr və 2008-ci ilin yanvar ayları ərzində çoxsaylı telefon zənglərinin edildiyi və 16 seksual xarakterli sms-lərin göndərildiyi də qeyd edilir.
Nəticə olaraq videosüjetdə o göstərilir ki, istintaq zamanı toplanmış çoxsaylı sübutlarla hadisənin Xəlilin jurnalist kimi peşə fəaliyyəti ilə bağlı deyil, onun əxlaq normalarına sığmayan hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilib. Qəzet əməkdaşının ifşa olunacağını görən “Azadlıq” qəzetinin rəhbərliyi ictimaiyyətin diqqətini cinayətin baş verdiyi əsl səbəblərdən yayındırmaq üçün A.Xəlilovun guya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalaraq ənənəvi orientasiyaya malik olmayan şəxslərlə əlaqələri ilə şantaj olunmasını bildirməklə bu məsələyə qoşularaq istintaq məlumatlarını yaymaqla qanunun tələblərini pozub.