BAKIDA İFADƏ AZADLIĞININ DURUMU İLƏ BAĞLI 2 GÜNLÜK SEMİNAR KEÇİRİLİR

          Aprelin 19-da Avropa Birliyi və Avropa Şurasının dəstəyi ilə Media Hüququ İnstitutunun təşkil etdiyi Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsi ilə bağlı iki günlük seminar işinə başlayıb. Seminarın açılış çıxışını edən Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı Azərbaycanda ifadə azadlığı probleminin aktuallığını qeyd edib ki, bu da Kütləvi İnformasiya Vasitələrinə qarşı çoxsaylı məhkəmə iddialarında, diffamasiyaya görə jurnalistlərin təqib olunmasında özünü göstərir.

Mətbuat Şurasının sədri Əflatun Əmaşov bildirib ki, 1998-ci ildə Azərbaycanda senzura ləğv olunduqdan sonra ölkədə KİV sahəsində qanunvericilik yenilənib, Mətbuat Nazirliyi ləğv olunub, KİV-in özünütənzimləmə orqanı – Mətbuat Şurası və Milli Televiziya və Radio Şurası yaradılıb. Eyni zamanda Amaşov KİV sahəsində problemlərin olduğunu etiraf edib, iqtisadi bazanın zəifliyini, reklam bazarının məhdud olduğunu, diffamasiyaya görə cinayət təqibinin olduğunu qeyd edib. Onun sözlərinə görə, Mətbuat Şurası və ATƏT-in Bakı ofisi təhqir və böhtana görə cəzanın ləğvini tələb edən diffamasiya haqqında qanun layihəsini hazırlayır və bu qanun layihəsi parlamentə təqdim ediləcək.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Konstantın Yerokostopolos bildirib ki, indiki seminar əlaqədar tərəflərin Avropa Konvensiyasının 10-cu maddəsinin tətbiqi üzrə Strasburq məhkəməsinin praktikası sahəsində biliklərinin artırılmasına yönəlib. Söhbət əsasən diffamasiya, təhqir, düzgün həyatın müdafiəsi, informasiya azadlığından gedəcək.  10-cu maddənin tətbiqinin təkmilləşdirilməsi ifadə azadlığının pozulmasının və məhkəmə çəkişmələrinin minimuma endirilməsinə imkan verəcək. Avropa Şurası Media Departamentinin nümayəndəsi Leyla Dervisaçiç qeyd edib ki, seminar KİV-də peşəkarlığın artırılmasına və Azərbaycanda plüralist mətbuatın inkişafına yönəlib.

            Seminarın sessiyasının 1-ci hissəsində avstriyalı hüquqşünas Albrex Haller Avropa İnsan Hüquqları Məhkəməsinin 10-cu maddəsi ilə bağlı qərarlarına baxış ilə bağlı məruzə ilə çıxış edib.  Daha sonra isə Millət vəkili Fazil Mustafayev Azərbaycanın İfadə Azadlığı qanunvericiliyinin Avropa Standartlarına uyğunluğu mövzusunda məruzə ilə çıxış edib.

Seminar zamanı Fransalı Hüquqşünas Frederik Qras Avropa İnsan Hüquqları Məhkəməsinin Defamasiya və  tənqidi ilə bağlı qərarlar barədə əlumat verib.

Seminarın 2-ci sessiyasında Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı İfadə Azadlığı hüququ ilə bağlı Azərbaycan qanunvericiliyinin durumu və yerli məhkəmə təcrübəsi barədə məruzə ilə çıxış edib.

 

 

Previous Post

BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ MÜDAFİƏ TƏRƏFİN VERDİYİ VƏSATƏTLƏRİN RƏDD EDİLMƏSİ İLƏ

Next Post

NEMƏT PƏNAHLININ MƏHKƏMƏSİ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.