NEMƏT PƏNAHLININ MƏHKƏMƏSİ BAŞLADI

Aprelin 19-da Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının  sədri Nemət Pənahlının və onun tanışı Ceyhun Fərzullayev barəsində başlanan cinayət işi ilə bağlı məhkəmə hazırlıq iclası keçirilib.

Prosesdə  Nemət Pənahlının vəkili Samir İsayev, eləcə də Ceyhun Fərzullayevin vəkili Elçin Əliyev və dövlət ittihamçısı Əsəd Ramazanov iştirak ediblər.

İlk olaraq çıxış edən  vəkili Samir  İsayev  Pənahlının barəsində çıxarılan həbs qətimkan tədbirinin ləğv olunmasını, prosesdə jurnalistlərin foto və video çəkiliş aparması üçün icazə verilməsini  və bu zaman hüquqlarını müdafiə etdiyi şəxsin ictimai-siyasi  sima olmasının məhkəmə tərəfindən nəzərə alınması barədə vəsatət qaldırdı. Dövlət ittihamçısı  Ramazanov isə vəsatətlərin təmin edilməməsini istədi.

Hakim E. Əhmədov müşavirədən sonra verilən vəsatətlərin qəbul edilmədiyini, bu gün hazırlıq iclasının olduğunu deyərək, çəkiliş üçün verilən vəsatətə məhkəmə prosesi zamanı baxılacağını qeyd edərək, məhkəmə prosesinin 3 may saat 11:00-a təyin edildiyini bildirdi.

Qeyd edək ki, prosesi yaxından müşahidə etmək istəyən media nümayəndələrinə məhkəmə hazırlıq iclasının qapalı keçirildiyi deyilib və onlar israrla məhkəmə binasından uzaqlaşdırılıblar. Məhkəmə  zalına həbs edilən şəxslərin vəkilləri və onların  bir neçə yaxın qohumları daxil olublar.

Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsi  21-ci polis bölməsinə aparılıb. Pənahlının saxlanmasına səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində  Pənahlı və onun tanışı Ceyhun Fərzullayev tərəfindən yumruq və metal əşya  vasitəsilə  döyüldüyünü iddia edərək, polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin   221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Yaxınlarının verdiyi məlumata görə, əslində Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı, seçkilərdən sonra mətbuatda, xüsusilə də “Nota PS” qəzetlərində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib.

 

Previous Post

BAKIDA İFADƏ AZADLIĞININ DURUMU İLƏ BAĞLI 2 GÜNLÜK SEMİNAR KEÇİRİLİR

Next Post

BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ MÜDAFİƏ TƏRƏFİN VERDİYİ VƏSATƏTLƏRİN RƏDD EDİLMƏSİ İLƏ BAŞLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.