İKİ JURNALİST ACLIQ AKSİYASINA BAŞLAYIB

“Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Şahvələd Çobanoğlu bu gündən aclıq aksiyasına başlayıb.

Bu haqda RATİ-yə məlumat verən jurnalist bildirib ki, aksiya Eynulla Fətullayevin keçirdiyi aclıq aksiyasına dəstək xarakteri daşıyır. Onun sözlərinə görə, aksiya “Yeni Müsavat” qəzetinin redaksiyasında keçirilir və aksiyaya digər jurnalistlərin qoşulması üçün redaksiyada otağın ayrılması planlaşdırılır :”aclıq etməklə yanaşı jurnalistlər həm də işləməlidirlər, ona görə də belə qərar var ki, aksiya növbəlilik əsasında keçirilsin. Hesab edirəm ki, aclıq edəcək jurnalistlər aclığı onların sağlamlıq durumu imkan verənə qədər davam etdirəcəklər. Əsas məqsəd Eynulla bəyin tələblərini yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına  və tələblərin yerinə yetirilməsinə nail olmaqdır”.  

Bu aksiyaya münasibətini öyrənmək məqsədilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə əlaqə saxladıq.
R. Arifoğlu vurğuladı ki, “mən aclıq aksiyasına başlayan və aksiyaya qoşulacaq jurnalist həmkarlarımı dəstəkləyirəm. Onları bu radikal aksiyaya əl atdıqlarına görə haqlı hesab edirəm. Azərbaycanda mətbuat azadlığının vəziyyəti çox ağırdır, ən radikal qərarlar və addımlar atmasaq, biz Azərbaycanda mətbuat azadlığını təmin edə bilmərik”.  Özünün aclıq edəcəyi ilə bağlı sualımızı cavablandıran baş redaktor bildirdi ki, “hal-hazırda mən müalicə alıram, təzyiqim qalxıb. Bununla belə çox istərdim ki, aksiyaya qoşulum”.
Axşam saatlarında Şahvələd Çobanoğludan aldığımız məlumata görə, aclıq aksiyasını keçirmək üçün “Yeni Müsavat” qəzetinin redaksiyasında artıq otaq ayrılıb və qəzetin redaktoru Zahid Səfəroğlu da bu gündən aclığa başlayıb.

Previous Post

AQİL XƏLİLİN İŞİ İLƏ BAĞLI İSTİNTAQ DAVAM EDİR

Next Post

Video footage from the night Agil Khalil was stabbed

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.