İKİ JURNALİST HƏDƏLƏNİB

Mart ayının 14-də naməlum şəxs “Yeni Müsavat” qəzetinin redaksiyasına zəng edərək qəzetin əməkdaşı Səbuhi Məmmədlinin ünvanına hədə-qorxu dolu sözlər söyləyib.

Bu xəbəri RATİ-yə jurnalistin özü verib: ”Həmin gün telefona otaq yoldaşım cavab verib. Özünü Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşı kimi təqdim edən şəxs məni soruşub. İş yoldaşım mənim redaksiyada olmadığımı bildirəndən sonra həmin şəxs mənim başıma oyun acacağını və şikəst edəcəyini deyərək dəstəyi asıb”. Məmmədli məsələ ilə əlaqədar heç bir orqana müraciət etməyib.

Məmmədli əlavə edib ki, həmin ərəfədə Naxçıvan barədə və nəqliyyat naziri Ziya Məmmədovun oğlu ilə bağlı iki məqalə yazıb.   
    Dünən (18 mart) “Hürriyyət” qəzetinin Gəncəbasar bölgə müxbiri İkram Rafiqoğlu polis tərəfindən hədələnib. Bunu RATİ-yə jurnalistin özü bildirib. Onun sözlərinə görə, dünən mobil telefonuna zəng olub və onu Gəncə Şəhər Polis İdarəsinə çağırıblar. İdarədə polis rəisinin müavini İlqar Balakişiyev jurnalistə hədə-qorxu gəlib. O bildirib ki, “Gəncədəki bəzi özbaşınalıqlarla bağlı yazılan yazılar dayanmalıdır. Sən hər an bizim nəzarətimiz altındasan”.  
Rafiqoğlu əməkdaşımızla söhbətində vurğulayıb ki, “əgər yazılarımda nə isə varsa bunu məhkəmə yolu ilə də həll etmək mümkündür. Mən bunu onlarla danışanda da dedim. Lakin, rəis müavini mənə dedi ki, bu yazılar şəhərin adına xələl gətirir.   Onlar bu yazıları polis yolu ilə dayandırmaq istəyirlər. Fəaliyyətimə müdaxilə etdiyi üçün İlqar Balakişiyevi  məhkəməyə verməyə hazırlaşıram”.
“Hürriyyət” qəzetinin bu günkü sayında bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Ehsan Zahidovun mövqeyi öz əksini tapıb.  Zahidov qəzetə bildirib ki, “hadisə ilə bağlı informasiyam yoxdur. Lakin ola bilsin ona tövsiyə ediblər ki, qərəzli yazılar yazmasın. Mən polis idarəsinin rəis müavini tərəfindən jurnalistə hədə qorxu gəlməsinə inanmıram”.
RATİ məsələ ilə əlaqədar Gəncə Şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyevlə əlaqə saxlayıb. Rəis müavini bildirib ki, “bununla bağlı DİN mətbuat xidmətinin nümayəndəsi Ehsan Zahidovla əlaqə saxlayın. O məsələnin hamısını bilir”.
Biz bu məsələni dəqiqləşdirmək məqsədilə Ehsan Zahidovla əlaqə saxladıq. Zahidov əməkdaşımızla söhbətində bildirdi ki, “bu məsələ ilə maraqlanmışam. Əslində hər şey İkramın dediyi kimi deyil. Gəncə Şəhər Polis İdarəsinə həmin müxbir haqda informasiyalar daxil olub. Belə ki, informasiyalarda həmin jurnalistin Gəncədəki idarə, müəssisə və istehsalatla məşğul olan müəssisələr barədə camaatdan pul almaq məqsədilə ifşaedici məqalələr yazmaqla, onları şantaj edərək hədə qorxu gəlməsi bildirilir. Bütün bu informasiyaları yoxlamaq məqsədilə rəis müavini həmin vətəndaşla əlaqə saxlayıb və polis bölməsinə dəvət edib ki, söhbət edib bu məsələləri aydınlaşdırsın. Və vətəndaş  bunu hədə-qorxu kimi qəbul edib. Və bu məsələnin belə şərh olunması da reklam xarakteri daşıyır”.

Previous Post

JURNALİSTLƏR ƏFV EDİLMƏDİ

Next Post

“ELMAR HÜSEYNOV FONDU”NUN KEÇİRDİYİ MÜSABİQƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.