“ELMAR HÜSEYNOV FONDU”NUN KEÇİRDİYİ MÜSABİQƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB

“Elmar Hüseynov Fondu”nun “Elmar mükafatı” layihəsi çərçivəsində keçirdiyi müsabiqənin ikinci mərhələsinin tamamlanması ilə əlaqədar bu gün tədbir keçirilib.

Giriş sözü ilə çıxış edən Şahbaz Xuduoğlu birinci mərhələdə televiziya jurnalistlərindən ANS və “İnternyus”-un  və 6 yazılı media nümayəndəsinin  iştirak etdiyini xatırlatdı: “ Lakin bu mərhələdə televiziya jurnalistləri fəal olmadılar. Belə ki, müraciət edən 18 jurnalistin hamısı yazılı medianı təmsil edir. Bu dəfə daha səylə çalışan jurnalistlər seçilib”.
Xuduoğlu bildirdi ki, verilən qrantlarla jurnalistlər yazacaqları təhqiqat yazılarına görə iyulun 17-i, yəni Elmar Hüseynovun ad günü ərəfəsində  mükafatlandırılacaqlar.
Sonra 18 jurnalistdən seçilən 11 jurnalistə qrantlar paylanıldı. Münsiflər heyətinə daxil olan Şahvələd Çobanoğlu belə müsabiqələr keçirməklə çətin vəziyyətdə araşdırma yazılarını meydana gətirən və mübarizlik simvolu olan Elmar Hüseynovu bu cür yaşadan jurnalistlərə minnətdarlığını bildirdi: “Bu o deməkdir ki, Elmar yaşayır. Onun qanı yerdə qalmır”.
Daha sonra münsiflər heyətinin digər üzvü Tapdıq Fərhadoğlu jurnalistlərin beynəlxalq standartlara uyğun olan yazılarının gələcəkdə daha çox yazılacağına ümid etdiyini bildirdi: “Bizə təhlil yox, təhqiqat jurnalistikası lazımdır. Keçən mərhələdə mən öz fikrini informasiya kimi təqdim edən jurnalist yazılarına rast gəldim”.
Tədbirə qonaq qismində qatılan ABŞ səfirliyinin nümayəndəsi Dmitri Traxovski də qalibləri təbrik etdikdən sonra Elmar Hüseynovun istintaqının ləng aparılmasından narahatlığını ifadə edib: “Biz ümid edirik ki, Elmar Hüseynovun qatilləri və Aqil Xəlilin həyatına qəsd edənlər tezliklə tapılacaq. Mən istintaqın belə ləng aparılmasını anlamıram”.
 Sonda Şahbaz Xuduoğlu Qənimət Zahidovun, Eynulla Fətullayevin həbsdə olduqlarını və buna görə də münsiflər heyətində təmsil olunmadıqlarını, Elmar Hüseynovun həyat yoldaşının Norveçə köçmdüyünü, “Vedomosti”, “Bakinskiye Vedomosti” qəzetlərinin bağlandığını və digər dostlarının da “elə-belə yaşadıqlarını” qeyd edərək “bu dözülməz mühitdə mediaya qıcanan dişlərə medianın gülümsəyərək cavab verməsinin məqsədəuyğun olduğunu” dedi.

Previous Post

İKİ JURNALİST HƏDƏLƏNİB

Next Post

HERKEL JURNALİSTLƏRİN AZAD OLUNMASINI ZƏRURİ SAYIR

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.