TƏRƏFLƏR BARIŞA BİLƏR

fevral 14th, 2008
Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə “İrəli” Gənclər Hərəkatının Mətbuat Xidmətinin rəhbəri Mais Musayevin “Yeni Çağ” qəzetinin baş redaktoru Fərəcov Aqilə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Fərəcov tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim olundu. İddiaçı M.Musayev və nümayəndəsi Şahin İsmayılov iddia ərizəsi ilə tanış oldu və bu sənəd işə əlavə edildi.   
Daha sonra hakim tərəflərə barışmağı təklif etdi. Mais Musayev bildirdi ki, “barışığa o zaman razı olaram ki, qarşı tərəf həm öz qəzetində, həm də qəzetin elektron variantında təkzib versin”.  A. Fərəcov isə bildirdi ki, birinci Musayev mənə qarşı yazı ilə çıxış edib. Əgər barışıq üçün birinci addımı da o atarsa mən barışığa hazıram”. Hakim Musayevdən yazının birinci onun tərəfindən yazılıb-yazılmadığını soruşdu. Musayevdə birinci yazının onun tərəfindən yazıldığını etiraf etdi.
Bundan sonra hakim tərəflərə barışıq üçün müzakirələrin aparılması üçün vaxt verdi və sabah saat 17:00-a qədər fasilə élan etdi.
Xatırladaq ki,  “Yeni Çağ” qəzetinin 08 dekabr 2007-ci il tarixli sayında “Fətullahçıların “İrəli” hərəkat planı” başlıqlı məqalə dərc olunub. “İrəli” Gənclər Hərəkatının Mətbuat Xidmətinin rəhbəri Mais Musayev məqaləni özünün şərəf və ləyaqətini alçaltdığını hesab edərək məhkəməyə müraciət edib. İddiaçı məhkəmədən “Yeni Çağ” qəzetinin bağlanmasını, təkzib verməsini və 60000 AZN məbləğində təzminatın ödənilməsini xahiş etmişdi.