ABŞ SƏFİRİ ABŞ DÖVLƏT DEPARTAMENTİNİN HESABATINI AÇIQLAYIB

 Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində səfir Enn Dersi ABŞ Dövlət Departamentinin 2007-ci ildə insan haqlarına dair illik hesabatının Azərbaycana aid hissəni açıqlayıb.

Səfir Enn Dersi bildirdi ki, "təəssüf ki, 2007-ci ilin hesabatında nəzərəçarpan inkişaf əks etdirilmir. Lakin bununla yanaşı bir sıra sahələrdə aşkar irəliləmə müşahidə etmişik . Mətbuat azadlığı isə ən çox narahatlıq doğuran sahədir. Jurnalistlərə qarşı zorakı cinayətlər davam edir. Elmar Hüseynovun qətli də daxil olmaqla bu əməli törədənlər cəzasız qalıb, böhtan maddəsi ilə məhkəmələrin sayı isə artıb. Əfv fərmanının imzalanmasına baxmayaraq hələ də bir neçə jurnalist həbsdədir". Bundan başqa seçki qabağı vəziyyətə də toxunan səfir   2006-cı ildə müvəqqəti bağlanmasından sonra ANS televiziyasına 6 illik lisenziyanın verilməsini müsbət hal kimi qiymətləndirib.
İllik hesabatın ictimaiyyətə təqdim olunduğu tədbirdə  Milli Məclisin İnsan Haqları Komissiyasının sədri millət vəkili Rəbiyyət Aslanova, Ombudsman aparatının nümayəndələri eləcə də hüquq müdafiəçiləri Səadət Bənənbəyli, Murad və Rəna Sadəddinovlar, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Elçin Behbudov, Emin Hüseynov, da iştirak edib. Rəbiyyət Aslanova öz çıxışında hesabatda bəzi qərəzli məsələlərin olduğunu vurğulayıb. Xüsusi ilə Azərbaycanda məhkunlara qarşı işgəncələrin tətbiq olunmasını və jurnalistlərə qarşı təqiblərin olması ilə bağlı razılaşmadığını bildirdi. Hüquq müdafiəçiləri isə öz çıxışlarında hesabatın Azərbaycan reallığını tam əks etdirdiyini lakin hesabatın bir qədər də sərt yazıla biləcəyinin mümkünlüyünü vurğulayıblar. O cümlədən RATİ-nin sədri Emin Hüseynov bildirmişdir ki, gələcəkdə bu tipli hesabatda digər dördüncü həbs olunmuş jurnalist Müşfiq Hüseynovun da adı salınmalıdır. Çünki o da siyasi sifariş və xüsusi qurulmuş əməliyyat nəticəsində cinayətə təhrik olaraq həbs olunmuşdur. Hüseynov həmçinin gələcəkdə həmin hesabatlarda Azərbaycanda teleradio sahəsində internet məkanın azad olmaması barədə geniş məlumatların əks olunmasının vacibliyini vurğuladı

 

Previous Post

QƏNİMƏT ZAHİDOVUN HƏBSİNƏ ETİRAZ OLARAQ PİKET KEÇİRİLİB

Next Post

BU GÜN BƏZİ QƏZETLƏR ÇAP OLUNMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.