QƏNİMƏT ZAHİDOVUN HƏBSİNƏ ETİRAZ OLARAQ PİKET KEÇİRİLİB

mart 11th, 2008
Bu gün  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun həbs edilməsinə etiraz olaraq Avropa Şurasının Bakı nümayəndəliyinin qarşısında “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və bir qrup jurnalistlər piket keçirib. Nümayəndəliyin qarşısında Q. Zahidovun, Eynulla Fətullayevin və Mirzə Sakitin  şəkillərini tutan bir neçə nəfər polis tərəfindən tutularaq polis bölməsinə aparıldı.

Bununla belə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia M. Əliyev, A. Əhmədov, Y. Məmmədli və R. Arifoğlunu qəbul etdi.  Görüşdən sonra Azər Əhmədov jurnalistlərə müsahibəsində bildirdi ki, “biz bu günkü aksiyamızın tələblərini onlara təqdim etdik. Və əsasən Avropa Şurasının azad sözün, azad mətbuatın tərəfdarı olduğu yaxud da azad sözü qovanların tərəfdarı olduğu ilə maraqlandıq. D. Bribosia Avropa Şurasının birmənalı olaraq azad və demokratik sözün tərəfində olduğunu vurğuladı və bildirdi ki,  Azərbaycanda jurnalistlərlə bağlı baş verənlər daim Avropa Şurasının diqqət mərkəzindədir”.
  Denis Bribosia jurnalistlərə açıqlama verdi. Açıqlamasında o  bildirdi ki, “mən bura gələn bir qrup jurnalistlərə öz təşəkkürümü bildirirəm ki, onlar gəlib Azərbaycanda jurnalistlərin həbsi və ümumiyyətlə jurnalistikanın hazırkı vəziyyəti ilə bağlı öz narahatçılıqlarını dilə gətirdilər. Avropa Şurasının baş katibi həm Azərbaycan hakimiyyəti ilə rəsmi, ictimaiyyətə açıq olan görüşlərində, həm də özlərinin təkbətək keçirdikləri görüşlərdə Azərbaycanda son bir neçə ildə jurnalistika sahəsindəki  vəziyyətlə bağlı öz narazılıqlarını ifadə etmişdir. Bu hansısa fərdin insan hüquqları ilə bağlı məsələsi deyil. Bu jurnalistika fəaliyyəti ilə bağlı olan bir  məsələdir. Və həmişə  bizim diqqət mərkəzimizdədir. Bir qrup jurnalistlər mənə öz narahatçılıqları ilə bağlı yazılı məlumatlar təqdim ediblər. Və mən bunları Avropa Şurası baş katibinə çatdıracağam”.