Amerika Dövlət Departamenti azadlıq və demokratiyanın inkişafı ilə bağlı növbəti hesabatını yayıb.
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, hökumətin insan haqları ilə bağlı göstəriciləri zəifdir və 2007-ci ildə vəziyyət bir az da pisləşib. “Azadlıq” radiosunun məlumatına görə, sənəddə hərbi və polis məntəqələrində işgəncə və məhbusların döyülməsi nəticəsində keçən il ərzində 4 nəfərin öldüyü bildirilir. “Təhlükəsizlik qüvvələri cəzasız qalmaqdadır. Bəzi irəliləyişlərə baxmayaraq, Azərbaycan həbsxanalarının çoxunda şərait həyat üçün təhlükəlidir. Məhbusların, xüsusilə də siyasi məhbusların məhkəməyə qədər saxlanması halları davam edir”, – deyə qeyd olunan sənəddə hökumətin insanları siyasi motivlə həbs etməsi də xüsusi vurğulanır:
“Ədliyyə sistemində korrupsiya, sərbəst toplaşmaq azadlığına məhdudiyyət qalmaqdadır”. Departament bildirir ki, keçən il Azərbaycanda mətbuatın vəziyyəti bir az da pisləşib.